"Badamdarda qaya parçalarının uçması ilə bağlı Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırıla bilər".
Mia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsinin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər həyata keçirilir: "Bu çərçivədə avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə qeyd olunan tədbirlər bitənə kimi Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırıla bilər.
Bununla əlaqədar sürücülərdən göstərilən məsələyə anlayışla yanaşılması və müvəqqəti tətbiq olunan məhdudiyyətləri nəzərə alaraq alternativ yollardan istifadə edilməsi xahiş olunur".
***
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Badamdarda uçqun təhlükəsi olan qaya parçalarının ərazidən götürülməsi işləri ilə tanış olub.
Mia.az FHN-ə istinadla xəbər verir ki, ötən gün Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi yaranıb və bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub, ərazi nəzarətə götürülərək aidiyyəti qurumlarla birlikdə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.
Oktyabrın 29-da səhər saatlarında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerinə gəlib. Uçqun təhlükəsi olan qaya parçalarının ərazidən götürülməsi ilə əlaqədar görülən işlərlə yerində tanış olan nazir aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Hazırda Fövqəladə Hallar Nazirliyi aidiyyəti qurumlarla koordinasiyalı şəkildə uçqun riski olan qaya parçalarının ərazidən götürülməsi istiqamətində zəruri tədbirlər görür.
***
Bakı Kənar Dairəvi-1 avtomobil yolunun sol tərəfindəki yamacda uçqun hadisəsi baş verib.
Mia.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib.
O qeyd edib ki, proses üç gün bundan əvvəl başlasa da, bu gün son mərhələsi olub: "Səhər saatlarında əraziyə baxış keçirilib və müvafiq araşdırma aparılıb. Yamacın üst hissəsində, helikopter meydançasının arxasında asılı karniz struktur süxur kütləsi qoparaq 50 sm yerini dəyişib və stabil vəziyyətdə qalıb".
O əlavə edib ki, yol infrastrukturuna təhlükə törədə biləcəyi nəzərə alınaraq müvafiq qurumlar tərəfindən bu süxur kütləsinin ləğv edilməsi istiqamətində işlər aparılır: "Hazırda da bu işlər davam etdirilir və bu süxur kütləsinin daşınması həyata keçirilir. Yol infrastrukturunda heç bir problem olmamış, nəqliyyatın hərəkətinə maneə yaranmayıb".