Oktyabrın 26-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Neftçi Qurban adına 288 saylı tam orta məktəbdə Xəzər dənizində ilk neft quyusunun qazılmasında və Neft Daşlarının yaradılmasında xüsusi rol oynamış Qurban Abbasovun anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib.
Mia.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyi, YAP Qaradağ rayon təşkilatı, Azərbaycan Dövlət Neft Sənaye Universiteti və 288-saylı məktəbin kollektivi tərəfindən təşkil edilən tədbirin iştirakçıları əvvəlcə məktəbin foyesində Neftçi Qurbanın barelyefinin və Azərbaycan ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş məzunların şəkilləri önünə gül dəstələri qoyaraq xatirələrinə ehtiramalarını ifadə ediblər.
Elm və Təhsil Nazirliyinin Neft -Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyevin, Milli Məclisin deputatı Səbinə Xasayevanın, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, YAP İdarə Heyətinin üzvü Vazeh Əskərovun, Təhsil Nazirliyinin məsul əməkdaşı Rövşən Ağayevin, Qaradağ rayon İcra Hakimiyyətinin əməkdaşı Səmayə Şıxəliyevanın, N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin rəisi Fərhad Cəfərovun, Neftçi Qurbanın yaxın qohumu, Prezident təqaüdçüsü Nizami Orucovun, şəhid ailələri, qazilər və məktəb kollektivinin qatıldığı tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu öndər Heydər Əliyevin və Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aygün Hüseynova iştirakçıları və qonaqları salamlayıb. Direktor bildirib ki, bu günkü tədbir Xəzər dəniziində neft hasilatının başlamasında, məşhur “Neft daşları”nın inşasında böyük rol oynamış tanınmış mühəndis və təşkilatçı Qurban Abbasovun anadan olmasının 98-ci ildönümünə həsr olunub. Rəhbərlik etdiyi məktəbin məşhur neft mühəndisi Neftçi Qurbanın adını daşıdığını xatırladan direktor bu təhsil müəssisəsinin də məhz Qurban Abbasovun rəhbərliyi ilə inşa edildiyini bildirib.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Azərbaycanın bütün dünyada neft və qazı ilə tanındığını, neftin XIX əsrin ortalarında ilk dəfə sənaye üsulü ilə məhz Bakıda çıxarıldığını qeyd edib. O xüsusi xatırladıb ki, II Dünya müharibəsi zamanı alman faşizmi üzərində qələbnin əldə edilməsində Bakı nefti xüsusi rol oynayıb. Azərbaycan neftindən alınmış yanacaqla işləyən tanklar və təyyarələr həmin mühribənin qələbə ilə başa çatmasına mühüm töhfə verib. Keçmiş Sovet hakimiyyəti illərində Azərbaycan neftçilərinin ölkə iqtisadiyyatının inkişafına böyük töhfələr verdiyini qeyd edən Qafar Əliyev Xəzər dənizindəki yataqlarda neft texnologiyalarının yaradılmasında və qazma işinin təşkilində Neftçi Qurban adı ilə tanınan Qurban Abbasovun böyük əməyinin olduğunu xüsusi vurğulayıb. O bildirib ki, adi qazamaçı fəhlə kimi əmək fəaliyyətinə başlayan Neftçi Qurban qısa zamanda dənizdə neft hasilatının təşkilində xüsusi nailiyyətlərinə görə ən yüksək dövlət mükafatlarına layiq görülüb, müxtəlif rəhbər vəzifələrə irəli çəkilib.
Müstəqilliyin bərpasından sonra Azərbaycan iqtisadiyyatının inkişafında, ölkənin iqtisadi qüdrətinin artırılmasında Ümummilli lider Heydər Əliyevin neft strategiyasının mühüm rol oynadığını vurğulayan YAP rayon təşkilatının sədri II Qarabağ – Vətən müharibəsinin qələbə ilə başa çatmasında, torpaqlarımızın erməni işğalından azad edilməsində də Azərbaycan neftinin mühüm rol oynadığını bildirib.
Tədbirdə çıxış edən Elm və Təhsil Nazirlyinin Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov Azərbaycan neftçilərinin qazandığı böyük uğurlardan, dünya miqyaslı nailiyyətlərdən geniş bəhs edib, Akademik bildirib ki, hazırda neft hasilatı nəticəsində böyük uğurlar qazanmış Rusiya və Hindistan kimi ölkələr bu təbii sərvətin hasilatının təşkilinə görə məhz Azərbaycan neftçilərinə minnətdar olmalıdırlar. Neftçilərimizin öz bilik və bacarıqlarını başqaları ilə bölüşməsi nəticəsində hazırda bir sıra ölkələrin əldə etdiyi enerji mənbələri dünyanın enerji təminatında mühüm rol oynayır. Xəzər dənizində neft hasilatının artmasında Ulu öndər Heydər Əliyevin neft strategiyasının əhəmiyyətini xüsusi vurğulayan Vaqif Abbasov 1994-cü ilin sentyabrında imzalanan “Əsrin müqaviləsi” nəticəsində Azərbaycanın öz enerji ehtiyatlarını bütün dünyaya açdığını və bununla da ölkəzinin müasir dünyanın enerji təminatında xüsusi yer qazandığını bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, YAP İdarə Heyətinin üzvü Vazeh Əskərov Qurban Abbasovun neftçi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərdiyini, öz zəngin təcrübəsinin gənclərlə daim bölüşdüyünü xatırladıb. Rektor gələcək neftçi kadrların yetişməsi, məktəblilərdə bu peşəyə həvəsin yaradılması məqsədilə Neftçi Qurban adına tam orta məktəbələ rəhbərlik etdiyi universitet arasında əməkdaşlıq əlaqələrinin yaradılmasını da təklif edib.
Millət vəkili Səbinə Xasayeva isə öz çıxışında belə tədbirlərin gənc nəslin vətənpərvərlik, tərbiyəsində və onlara əməyə hörmətin aşılanmasında xüsusi rol oynaması baxımından əhəmiyyətindən danışıb. O, qeyd edib ki, Neftçi Qurban kimi tarixi şəxsiyyətlərin həyat və əmək fəaliyyətinin təbliği gənclərimizin düzgün formalaşmasına böyük təsir göstərir, onlara öz vətənləri və məxsus olduqları xalqla qürur hissinin aşılnamasında mühüm rol oynayır.
Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin nümayəndəsi Rövşən Ağayev 2026-cı ildə anadan olmasının 100 illiyi qeyd ediləcək tanınmış neftçi Qurban Abbasovun Azərbaycan tarixinə düşmüş neft mühəndislərindən biri olduğunu qeyd edib. Məşhur neftçi ilə şəxsən tanış olduğunu qeyd edən Rövşən Ağayev Qurban Abbasov haqqında xatirələrini də tədbir iştirakçıları ilə böylüşüb. Ümummilli lider Heydər Əliyevin Neftçi Qurbanı şəxsən tanıdığını, onun əməyəinə həmişə yüksək qiymət verdiyini, buna görə də onu dəfələrlə dövlət mükafatlarına layiq gördüyünü qeyd edib. O bildirib ki, məşhur neftçi Azərbaycan neftinin dünya miqyasında əhəmiyyətini, enerji təchizatında bu gün oynadığı rolu görsəydi buna çox sevinərdi.
Tədbirdə digər çıxış edcənlər: ADNSU-nun professoru Eldar Süleymanov və Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin rəisi Fərhad Cəfərov da Neftçi Qurbanın həyatı və zəngin əmək fəaliyyəti haqqında məlumat veriblər. Onlar qeyd ediblər ki, dənizdə neft hasilatının təşkilində xüsusi xidmətləri olan Neftçi Qurbanın adı yalnız Azərbaycanda deyil, onun hüdudlarından çox-çox uzaqlarda da geniş yayaılıb. ABŞ-ın Hyuston şəhərind yerləşən Neft muzeyində Qurban Abbasovun adı dənizdə neft çıxarmış ilk neftçi -qazmaçı kimi xüsusi qeyd edilib.
Prezident təqaüdçüsü, Neftçi Qurbanın yaxın qohumu Nizami Orucov çıxış edərək tədbirin təşkilatçılarına xüsusi minnətdarlığını bildirib. O qeyd edib ki, Neft Daşlarının tarixini vərəqlədikcə ən çox rast gəldiyimiz adlardan biri Qurban Abbasovun adıdır. Qurban Abbasovun əmək fəaliyyətinə fəhlə kimi başladığın xatırladan N.Orucov, sonralar onun bir sıra rəhbər vəzifələrdə çalışmasına baxmayaraq, həmişə sadəcə "Neftçi Qurban" deyə çağırıldığını deyib. Qeyd edib ki, bu adı ona xalq verib. Neftçi Qurban həqiqətən qəhrəman idi. Neft Daşlarını isə zaman və tale ona öz hünər və gücünü sınamaq və sübuta yetirmək üçün meydan kimi verib. Neftçi Qurban haqqında xatirələrini bölüşən N.Orucov onun çox sadə, həmişə gülərüz, sədaqətli dost və yaxşı insan olmasından bəhs edib. Vurğulayıb ki, bu gün Azərbaycan neftçiləri Qurban Abbasovun hünərini, əməllərini, təcrübəsini öyrənir, yaşadır və nəsildən-nəslə ötürürlər.
Tədbirə yekun vuran YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev bütün iştirakçılara minnətdarlığını bildirib.
Sonra xatirə fotosu çəkdirilib, məktəbin həyətində ağacəkmə aksiyası keçirilib.