Bakı şəhəri Yasamal rayonu Cəfər Cabbarlı küçəsi 4 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinin eyvanı uçub, ətrafda təhlükəli vəziyyət yaranıb.

Mia.az-ın məlumatlına görə, məsələ ilə bağlı Report-a Yasamal Rayon İcra Hakimiyyətindən verilən açıqlamada bildirilib ki, Mədəniyyət Nazirliyinin balansında olan sözügedən bina qəzalı binalar sırasına daxil edilib.

Qeyd edilib ki, müvafiq qurumun ayırdığı vəsait əsasında binada yaşayan sakinlər orada çıxarılaraq kirayə evlərə köçürülməlidir:

“O bina tam bərpa olunmalıdır. Qəzalı vəziyyətdə olduğu üçün bir neçə gün əvvəl gecə saatlarında hava şəraiti ilə əlaqədar binanın eyvanı çöküb. Hər hansı kənar müdaxilə olunmayıb. Sakinlərlə iki ildir danışıqlar aparılır, lakin binanın altında olan qeyri-yaşayış obyektləri köçməyə etiraz edir".

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən isə bildirilib ki, bina təmir-bərpa və möhkəmləndirmə işlərinin aparılmasına ehtiyacı olan abidələr sırasındadır.

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış binaları olan tarixi abidələrdə təbir-bərpa işləri mülkiyyətçi və ya balans saxlayıcı tərəfindən, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə razılaşdırmaqla həyata keçirilməlidir. Sözügedən memarlıq abidəsində də təmir-bərpa işlərinin aparılmasına icazə verilməsi ilə bağlı Dövlət Xidmətinə Bakı Şəhər İcra Hakimiyyəti Əsaslı Tikinti və Təmir MMC tərəfindən müraciət ünvanlanıb.

Təqdim edilən layihədə memarlıq abidəsinin bədii-estetik görkəminin və dayanıqlığının təmin edilməsi ilə bağlı uyğunsuzluq olduğundan düzəlişlərin edilməsi üçün qarşı tərəfə göndərilib”.

Həmçinin qeyd edilib ki, hazırda həmin layihənin qanunvericilik çərçivəsində razılaşdırılması istiqamətində tədbirlər görülür.