Xəbər verdiyimiz kimi, Sabunçuda ötən gecə tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb. Bu bədbəxt hadisədən sonra tunelin tikintisi zamanı nöqsanlara yol verilib-verilməməsi müzakirələrə səbəb olub.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Asəf Əsədullayev küçəsində yerləşən tunelin tikintisinə 2019-cu ildə başlanılıb.
Tunel “Azərbaycan Dəmir Yolları”nın sifarişi əsasında tikinti işləri aparan “Körpü Bina Tikinti” MMC tərəfindən inşa olunub. Tunelin açılışı isə 2020-ci ilin martin 13-nə təsadüf edib.
Açılış mərasimində qırmızı lenti isə “Azərbaycan Dəmir Yolları”nın ozamankı sədri Cavid Qurbanovun müavini Zaman Novruzov kəsib.
Qısa arayış olaraq bildirək ki, tunelin uzunluğu 388 metr, hündürlüyü 5,5 metr, eni isə 13,5 metrdir. Qapalı hissənin uzunluğu isə 68 metrə bərabərdir.
4 il əvvəl açılış mərasimində verilən məlumata görə, yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Bunun üçün 3 nasos, bundan əlavə də 100 kilovatlıq transformator və generator quraşdırılıb. Amma görünən və real mənzərə onu deməyə əsas verir ki, ötən gecəki hadisə zamanı nə üç nasos, nə 100 kilovatlıq transformator, nə də generator işə yarayıb.
2019-cu il, tunelin qazıntı işlərinə başlanılır
Ümumiyyətlə, ötən müddət ərzində onların yararlılığı yoxlanılıbmı, o da tunel kimi sual altındadır.
O ki qaldı “Körpü Bina Tikinti”yə, bu MMC-nin rəhbəri Xəlil Göyüşovdur.
Sözügedən şirkət 2001-ci ildə təsis edilib və istər Bakıda, istərsə də bölgələrdə bir sıra milyonluq layihələrin icraçısı olub.
Fotoda Xəlil Göyüşov
Bu layihələrə keçmiş Şəfa stadionunun qarşısındakı yeraltı keçidi, Bakı Olimpiya Stadionundan Heydər Əliyev adına hava limanı avtomobil yoluna keçidi, Suqovuşan su anbarının təmir və bərpasını, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunu, Sabunçu-Pirşağı-Sumqayıt dəmiryolu stansiyasının yenidən qurulmasını və s. misal çəkmək olar.
Maraqlıdır ki, Sabunçu rayonu ərazisində bu şirkətin daha öncə tikdiyi başqa bir tuneli də su basmış, o zaman da bir neçə avtomobil suyun altında qalaraq yararsız vəziyyətə düşmüşdü.
2019-cu ilin sentyabrında baş verən həmin hadisə zamanı nə dünənki kimi aramsız yağışlar yağmışdı, nə də başqa bir fəlakət baş vermişdi.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da dediyi kimi, ola bilər tikinti zamanı nöqsanlara yol verilib. Təbii ki, bunun da araşdırılması aidiyyəti qurumların üzərindədir.