Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə oktyabr çağırışının gedişatı ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Mia.az-a bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icra vəziyyəti müzakirə olunub.
Dövlət Xidməti tərəfindən 2024-cü ilin oktyabr çağırışının uğurla icra edilməsi və Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi məqsədilə zəruri işlərin görüldüyü diqqətə çatdırılıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılmış Mərkəzi Çağırış Komissiyası vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarəti həyata keçirir. Mərkəzi Çağırış Komissiyasında 14 dövlət qurumu təmsil olunur.
İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.