“Sumqayıt”ın menecer prezidenti Riad Rəfiyev Tovuz əhlini üstümə minnətçi göndərib, “Nolar, İxtiyara tapşırın məndən heç nə yazmasın” xahişi elədiyi bir vaxtda onu deyim ki, “Sabaha saxlamayaq”da adı çəkilməsə də, bu “cahanşümül” patron baş rolda idi. Bəlkə də verilişə baxanda, qan təzyiqi kəllə-çarxa qalxmışdı ki, birdən kiminsə ağzından “Riad” sözü çıxar...

İlqar Qurbanov məlum prokurorluq araşdırmasına görə çox dərinə getmədi. Ola bilsin bundan sonra da milliyə kimin sifarişi ilə futbolçu çağırıldığını deməsin. Buna görə onu qınayanlar da az deyil. Hər halda, özü bu barədə düşünür.

Amma və lakin, futbol camiəsində çoxları bilir, bilməyənlər üçün də mən deyim, millinin əcnəbi çalışdırıcıları ilə ən sıx əlaqədə məhz Riad olub.

Özü də bu işdə külli miqdarda maddi maraq var. Əks təqdirdə, şəhərin mərkəzində milyon manatlıq mənzilə sahib çıxmaq qeyri-mümkündü. Mən hələ Nikola Yurçeviçlə işbirliyindən sonra alınan bahalı avtomobili demirəm.

Bu arada yığmamızın sabiq futbolçuları Əfran İsmayılovla, Şahin Diniyev də özlərinə əl qatıblar ki, bəs İlqar “neprav”dı.

Səhv etmirəmsə, Əli Gökdəmir milliyə dəvət alanda, Əfran üzünü cırırdı.

Həmişə “düzgün yolda olan” Diniyevə gəlincə, Rəşad Sadıqov daxil, 7-8 futbolçunu millidən didərgin salıb, Nduka, Ernani kimi səviyyəsiz əcnəbiləri yığmaya çağıran kim idi görəsən?

Həmin vaxt sifariş yox idi?

Az qala bütün yığmalarımızda oynamış Zeynal Zeynalov, Elhad Nəziri milliyə öz bacarıqları ilə düşmüşdü?

Pavel Paşayev, Əli Gökdəmir, Uğur Pamuk, Əli Babayev, Əmir Ağayev, Dmitri Nağıyev, Cihan Özkara, Murad Ağayev, Andrey Popoviç – kim deyər, bu futbolçulardan hansı milliyə menecer marağı olmadan dəvət edilib?

P.S. Futboldan qazandığı pullarla İspaniyada özünə biznes quran meneceri necə, onu da tanımırsız?

İxtiyar ƏSGƏROV,

Matc.az idman portalınən Baş redaktoru

P.S.S. Yaz müəllifin feysbuk-dakı səhifəsindən götürülüb.

MİA.AZ