Sosial Tədqiqatlar Mərkəzi (STM) dövlət orqanları və cəmiyyət arasında əlaqələrin yeni keyfiyyət mərhələsində vətəndaşların kommunikasiya xətlərinə əlçatanlığı və vətəndaşların informasiya təminatına əsaslanan idarəetmənin dəstəklənməsi məqsədilə dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq aparıb.

Mia.azxəbər verir ki, sorğunun nəticələrinə əsasən, publik hüquqi şəxslərin stasionar və qaynar xətlərinə edilən zənglərin cavablandırılması ilə bağlı monitorinqin nəticələrinə əsasən, “Azəriqaz” İstehsalat Birliyinin stasionar nömrələri üzrə cavab verilmiş zəng qeydə alınmayıb.

Bundan fərqli olaraq, “Azəriqaz” İstehsalat Birliyinin qaynar xətti üzrə zənglərin mütləq əksəriyyətinə və ya 81.8%-nə cavab verilib, 18.2%-nə cavab verilməyib. Günün birinci yarısında zənglərə cavab vermədə orta müddət 6 saniyə, günün ikinci yarısında 8 saniyə olub.

Azərbaycanın İpoteka və Kredit Zəmanət Fondunun qaynar xətti (stasionar nömrəsi yoxdur) üzrə cari ildə bütün monitorinq nəticələri müsbət olub, yəni günün brinci və ikinci yarısında edilən bütün zənglər yüksək operativliklə cavablandırılıb. Günün birinci yarısında zənglərə cavab vermə üzrə orta müddət 22 saniyə, günün ikinci yarısında 12 saniyə olub.

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə məxsus stasionar nömrələr üzrə zənglərə ümumiyyətlə cavab verilməyib.

Monitorinq müddətində Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin qaynar xətti üzrə zənglərin mütləq əksəriyyəti - 95.5%-i cavablandırılıb, 4.5%-i cavablandırılmayıb. Günün birinci yarısında zənglərə cavab vermədə orta müddət 3 dəqiqə 21 saniyə, günün ikinci yarısında 1 dəqiqə 44 saniyə olub.

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 22 may – 27 iyun 2024-cü il tarixində 39 dövlət orqanı (qurumu) və 77 yerli icra hakimiyyəti orqanı olmaqla ümumilikdə 116 dövlət orqanının (qurumun) stasionar və qaynar xətlərinə təqribən 3500-ə yaxın zəng edilib.

Monitorinqin əhatə dairəsinə daxil edilən dövlət orqanlarının (qurumlarının) stasionar nömrələri və qaynar xətləri üzrə ümumilikdə 1927 zəngə (59.2%) cavab verilib, 1328 zəngə (40.8%) cavab verilməyib. 198 zəng üzrə nömrə məşğul olub və ya aktiv olmayıb.

25 mərkəzi icra hakimiyyəti orqanının stasionar və qaynar xətlərinə edilən zənglərin ümumilikdə 68.4%-nə (617 zəng) cavab verilib, 31.6%-nə (285 zəng) cavab verilməyib.

Monitorinq çərçivəsində ümumilikdə 11 Publik hüquqi şəxsin kommunikasiya xətlərinə günün birinci və ikinci yarısında müxtəlif saatlarda zənglər edilib. Nəticələrə əsasən, monitorinq edilən 11 Publik hüquqi şəxsin stasionar və qaynar xətləri üzrə ümumilikdə zənglərin 59.6%-nə cavab verilib, 40.4%-nə cavab verilməyib. Monitorinq edilən Publik hüquqi şəxslərin stasionar nömrələri içərisində cavab verilmiş zənglər üzrə ən yüksək göstərici 40.9% təşkil edib, bir sıra Publik hüquqi şəxslərin qaynar xətləri üzrə ən yüksək göstərici 95.5% və ondan daha yuxarı olub.

Monitorinq keçirilən rəy sorğularının nəticələri əsasında vətəndaşlar tərəfindən ən çox müraciət edilən dövlət orqanlarını (qurumlarını) əhatə edir.