TCS şirkəti 2007-ci ildən bəri istər daxili, istərsə də xarici bazarda dövlət qurumları və özəl şirkətlər üçün peşəkar xidmətlər göstərməyi, eləcə də ekspert rəyi verməyi hədəf götürmüş beynəlxalq təşkilatdır. TCS işçilərin və avadanlıqların sertifikatlaşdırılmış olmasına xüsusi önəm verilən bir çox sənaye sahələrində Beynəlxalq Akkreditasiyaların tələblərinə uyğun Təlim, Tədris və Mühəndis Xidmətləri ilə məşğul olur.
Mia.az-ın məlumatına görə, şirkətin 2022-ci ildən start verdiyi "Universitetlərdə müəllim və tələbələrin beynəlxaq standartlarla tanışlığı" çərçivəsində bu ilin aprel-may aylarında Gəncə Dövlət Universitenin "ÜTF və texnologiya" kafedrasının müdiri, dosent Elçin Cavadovun təşəbbüsü ilə kafedranın müəllim heyətinə "Təlimçinin Təlimi" və "Beynəlxalq SƏTƏMM" təlimləri keçirilib.
Təlimin əsas məqsədi ixtisaslı müəllimlərin beynəlxalq standart və qaydalarla tanışlığı, tətbiqi və inkişafı olub.
Qeyd edək ki, "SƏTƏMM- Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi" fənni universitetimizin bir neçə ixtisasında "ÜTF və texnologiya" kafedrasının müəllimləri tərəfindən tələbələrə tədris olunur. Fənnə aid dərs vəsaiti də həmin kafedrada hazırlanıb və nəşr edilib. Ona görə də bu təlimlər TCS MMC-nin təcrübəli təlimçiləri tərəfəfindən kafedranın müəllimlərinə keçirilmiş və sonda biliklərin yoxlanılması prosesi aparılıb.
Kafedranın müəllimləri bu təlimdə çox fəal şəkildə iştirak ediblər.
Təlimləri uğurla bitirən müəllimlərin hər biri biliklərin yoxlanılması prosesindən sonra 3 ədəd Beynəlxaq Sertifikat "Təlimçinin Təlimi", "İOSH" və "SƏTƏMM üzrə Beynəlxalq Təlim" sertifikatlarına layiq görülüb: "12 oktyabr 2024-cü il tarixdə TCS şirkətinin rəhbərliyi tərəfindən Gəncə Dövlət Universitetində "ÜTF və texnologiya" kafedrasının müəllimlərinə həmin sertifikatların təqdim olunma mərasimi keçirilmişdir. Mərasimdə Gəncə Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, kafedranın müdiri, dosent Elçin Cavadov iştirak etmişdir".