Azərbaycanın şimal-qərb və qərb regionlarında kütləvi şəkildə qəhvəyi mərmər bağacığı aşkarlanıb.

Mia.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizlik Agentliyi (AQTA) məlumat yayıb.

Məlumata görəi, Azərbaycana qonşu Gürcüstandan miqrasiya edən Qəhvəyi mərmər bağacığı Zaqatala, Balakən və sair rayonların bir sıra yaşayış məntəqələrində müşahidə edilir:

"Gürcüstan iqtisadiyyatına (fındıq bağları və meyvə-tərəvəz təsərrüfatına) külli miqdarda ziyan vuran zərərvericiyə Rusiyanın cənub bölgələri və Türkiyə ərazisində də rast gəlinir.

Məlumat üçün bildirək ki, 300-dən çox bitki ilə qidalanan qəhvəyi mərmər bağacığı fındıq, alma, armud, şaftalı, nektarin, üzüm, qarğıdalı, pomidor, badımcan, bibər bitkilərinə yüksək, ərik, qaragilə, gilas, xiyar bitkilərinə isə orta riskli təhlükə yaradır. Zərərvericinin qidalanması yazda başlayır və payızın sonuna qədər davam edir.

Qəhvəyi mərmər bağacığının yetkin fərdləri və sürfələri (nimfaları) yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və s. vasitəsilə yayılır".