"YouTube" videopaylaşım platforması "pulsuz hesablar"a yeni qadağalar tətbiq edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, şəbəkə "reklamı atla" düyməsini istifadəçilərdən gizlədib. Yəni, bundan sonra istifadəçilər məcbur olaraq baxdıqlar videoda yer alan pullu reklamları sonadək izləməli olacaq: "YouTube pulsuz hesablar üçün yeni reklam siyasəti həyata keçirməyə başlayıb. Platforma istifadəçilərin reklam zamanı tez-tez istifadə etdiyi “skip” düyməsini mobil cihazlarda gizlətməyə qərar verib. Bununla belə, düymə tamamilə çıxarılmayıb, o, yalnız müəyyən vaxt keçdikdən sonra görünməyə başlayacaq. Bundan əlavə, YouTube ilk beş saniyə ərzində "keç" düyməsini gizlədən yeni sınaq tətbiqini istifadəyə verib. Bu müddət bitməzdən əvvəl düymə boz düzbucaqlı fonun arxasında gizlənir və yalnız müəyyən vaxt keçdikdən sonra aktivləşir. Bu funksiya hazırda YouTube-un mobil proqramlarında sınaq mərhələsindədir".

Xatırladaq ki, hal-hazırda YouTube pulsuz hesablar üçün iki növ reklam göstərir: "Bunlardan biri tamamilə izlənilməli olan “keçilməz” reklamlar, digəri isə beş saniyədən sonra atlana bilən reklamlardır. Bununla belə, yeni funksiya atlana bilən reklamların müddətini artıracaq və istifadəçilərdən daha çox reklam izləməyi tələb edəcək. Ancaq bu, YouTube Premium abunəçilərinə təsir etməyəcək".

Lamiyyə Əhmədli

MİA.AZ