Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ı kənarlaşdıran "Dinamo Zaqreb"in keçmiş baş məşqçisi Sergey Yakiroviç Azərbaycana gəlib.

Mia.az Supersport.az-a istinadla xəbər evrir ki, bosniyalı mütəxəssisin kimin dəvətiylə Bakıya gəldiyini bəlli deyil.

İddiaya görə, o, hansısa klubun baş məşqçi postu üçün bura dəvət olunub: ""Neftçi" klubu hazırda baş məşqçisizdir. Paytaxt komandası hələ ki, rəsmi açıqlama verməsə də, böyük ehtimalla Samir Abasov bu vəzifəyə gətiriləcək. Bəlkə Azərbaycan komandası 47 yaşlı bosniyalı mütəxəssis Sergey Yakiroviçi dəvət edib.

Digər versiya "Sabah"la bağlı ola bilər. Lakin bu inandırıcı görünmür. Çünki hazırda lider "Qarabağ"dan 6 xal geri olan "Sabah" 15 xalla 5-cidir. Xorvat mütəxəssis Krunoslav Renduliçin baş məşqçisi olduğu Azərbaycan klubu ötən mövsüm UEFA Konfrans Liqasında uğursuz çıxış edib".

Xatırladaq ki, Çempionlar Liqasının pley-off mərhələsində "Dinamo Zaqreb" "Qarabağ"ı hər iki oyunda məğlub etmişdi: 3:0, 2:0. 

Xorvatiya klubu Almaniyada "Bayern"ə 2:9 məğlub olduqdan sonra baş məşqçi Sergej Jakirović istefaya göndərilmişdi.