Prezidentin xüsusi nümayəndəliklərinin təsis edilməsindən sonra bu sual aktuallaşıb: icra hakimiyyətləri xüsusi nümayəndəliklərlə əvəz ediləcəkmi?

Hazırda işğaldan azad olunmuş bölgələrdə və Naxçıvanda Azərbaycan Prezidentinin xüsusi nümayəndələri yerli idarəçiliyi həyata keçirir.

Bunun fonunda icra hakimiyyətlərinin ləğvi, xüsusən də yaşı 70-i ötmüş icra başçılarının yola salınması ilə bağlı fikirlər səsləndirilir. Prezident İlham Əliyev bir müddət öncə yerli telekanllara müsahibəsində bildirmişdi ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi təcrübəsi digər regionlarda da tətbiq ediləcək.

Bu günlərdə yenidən mediada yaşlı icra başçılarının noyabrda keçiriləcək COP29 tədbirindən sonra yola salınacağı barədə məlumatlar yayılıb. Siyahıda 9 icra başçısının adı var:

1. Zaqatala rayonunun icra başçısı Mübariz Əhmədzadə – 77 yaş

2. Şuşa şəhərinin icra başçısı Bayram Səfərov – 73 yaş

3. Qobustan rayonunun icra başçısı Adil Məmmədov – 72 yaş

4. Xocalı rayonunun icra başçısı Şahmar Usubov – 71 yaş

5. Qubadlı rayonunun icra başçısı Malik İsaqov – 71 yaş

6. Ağcabədi rayonunun icra başçısı Rafil Hüseynov – 71 yaş

7. Siyəzən rayonunun icra başçısı Novruz Novruzov – 70 yaş

8. Füzuli rayonunun icra başçısı Alı Alıyev – 70 yaş

9. Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov – 70 yaş.

Yaşlı məmurlar həqiqətən də işdən çıxarılacaqmı?

Mia.az-ın məlumatına görə, məsələ ilə əlaqədar Teleqraf.com-a danışan Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev Şərqi Zəngəzur və Qarabağın işğaldan azad edilməsinin Azərbaycan tarixində yeni mərhələ olduğunu söyləyib: “Sözsüz ki, yeni baxış, idarəçilik forması gətirmək lazımdır. Daha çevik idarəetmə formasına keçid, proseslərə vaxtında, düzgün yanaşma bacarığı olan sistemin yaradılması vacib idi. Onlar artıq Prezidentin yerlərdə birbaşa nümayəndələri hesab edilir”.

Komitə sədri hesab edir ki, yeni idarəçiliklə bağlı qısa zamanda təcrübə formalaşıb: “Bu, modern, çevik idarəetmə üsuludur. Nəticələri yaxşıdır. Yəqin ki, yaxın gələcəkdə bütün ölkə ərazisində tədricən bu modelə keçid mümkün olacaq. Beləliklə, yerli idarəetməni artıq bələdiyyələrə həvalə etmək olar. Bələdiyyə institutu da güclənəcək”.

Musa Quliyevə görə, idarəçilikdə, fəaliyyətdə yaş əngəl deyil: “Baxışlar köhnədirsə, modernləşə bilmirsə, təşəbbüs yoxdursa, yorğunluq varsa, bu halda dəyişiklik mütləqdir. Ölkə başçısı sıx qrafikdə çalışır, gün ərzində bir neçə tədbirlərə qatılır və digər işləri uğurla görür. Prezidentin tapşırıqlarının yerinə yetirilməsindəki çeviklik, keyfiyyətin yüksək olması, vaxtında və düzgün icrası əsas meyardır. Həqiqət isə odur ki, yaşlı insanların orqanizmi bu çevikliyin, sürətin, psixoloji təzyiqin altında dayanmağa imkan vermir. İcra məsuliyyəti ciddi işdir. Ona görə də, dövlət idarəçiliyində məsul şəxslərin müəyyən yaşdan sonra daha yüngül işlərə keçməsi məqbul olardı. Sözsüz ki, burada professionallıq, təcrübə, sağlamlığın yerində olması, peşə bilgilərinin tətbiqi və öyrədilməsi də əsasdır”.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Siyavuş Novruzov isə hesab edir ki, idarəçilikdə əsas amil təcrübə ilə bağlıdır: “Artıq azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliyi yeni idarəçilik mexanizmi kimi tətbiq edilir. Gələcəkdə bu istiqamətdə atılacaq addımlarla bağlı prioritet istiqamətlər var. Ölkə Konstitusiyasında idarəetmə forması öz əksini tapıb. Ən məqbul variant ölkə başçısının səlahiyyətlərinə aiddir”.

Siyavuş Novruzova görə, idarəçilikdə yaşın hər hansı bir rolu yoxdur: “Bu, daha çox insanın işgüzarlığından asılıdır. İşgüzarlıqla bağlı nöqsanı olanlarla vaxtında qərar qəbul edilir. Yaxşı işləyənlər isə həmişə iş başındadır”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Böyük Quruluş Partiyasının rəhbəri Fazil Mustafaya görə, struktur islahatlarında şəxslərin yaşının, kimliyinin əhəmiyyəti yoxdur: “Hər bir şəxs vəzifəyə yaşa görə deyil, təcrübə, qabiliyyət, başqa meyarlara görə təyin edilir. Azərbaycanda da tədricən yeni idarəçilik sisteminə keçid nəzərdə tutulub. Bir çox bölgələrdə Prezidentin xüsusi nümayəndəsi təyin edilib. Bu modelin özünü doğrultmasından sonra yekun qərar verilə bilər”.

Fazil Mustafa hesab edir ki, icra hakimiyyətlərini fəaliyyətsiz saxlamaq doğru deyil: “Vətəndaşa xidmətin yüksəldilməsi üçün daha çevik qərarların verilməsi vacibdir. İdarəetmədə olan sıxıntı vətəndaşa təsir göstərməməlidir”.

Komitə sədri bildirib ki, bələdiyyənin rolu mütləq şəkildə nəzərə alınmalıdır: “Yerli özünüidarəetməni yeni formada qurmaq vacibdir. Bu halda digər məsələlər, xüsusən də səlahiyyətli nümayəndənin fəaliyyəti ilə bağlı imkanlara baxmaq olar. Təsərrüfat funksiyasından azad olmuş icra strukturu daha çox diqqət çəkər. Ona görə də, idarəetmədə optimal yol tapıb boşluqlar aradan qaldırılmalıdır”.

MİA.AZ