İstanbulun Tuzla şəhərində kriminal avtoritet polislə atışmaya girib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, axtarışda olan  E.E. ad-soyadlı cinayətkar dəstə liderinin Tuzlada "Tepeören Villaları" deyilən bölgədə bir villada olduğu müəyyənləşib.

Məlumata görə, polis əməliyyat zamanı ona "təslim ol" əmri versə də, o, silahına sarılaraq atışmaya girib: "Villada olan E.E və onun dostları - F.İ. və C.G. polislərlə atışıb. E.E. villaya daxil olmaq istəyən polislərdən birini güllələyib. Cavab atəşi ilə E.E. hadisə yerində öldürülüb. Digər iki kriminal şəxs isə təslim olublar."

İstanbul Polis İdarəsindən bildirilib ki, axtarışda olan şəxslərə qarşı aparılan əməliyyatlar çərçivəsində yerli vaxtla saat 17:00 radələrində Tuzla rayonunun Tepeören məhəlləsində E.E.-nin lideri olduğu çeteyə qarşı əməliyyat keçirilib: "Əməliyyat zamanı iqamətgahın içərisindən polisə atəş açılıb. Nəticədə polislərdən biri - Adəm Köş ağır yaralanıb. O, xəstəxanaya yerləşdirilib və həyati təhlükəsi davam edir".

Açıqlamada qeyd edilib ki, tutulan şəxslərlə bağlı istintaq başlayıb: "Hadisə yerində aparılan axtarışlar zamanı 1 ədəd avtomat tapança, 2 ədəd 9 mm-lik tapança, çoxlu patron və narkotik vasitələrin götürülüb".

Firudin Səfərli
MİA.AZ