Gəncə Dövlət Universitetinin əməkdaşlarının maaşı qaldırılıb.

Mia.az xəbər verir ki, bu barədə universitetin 1 oktyabr 2024-cü il tarixində keçirilən Elmi Şurasında qərar verilib.

Qərara əsasən, Gəncə Dövlət Universiteti əməkdaşlarının maddi rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə oktyabrın 1-dən universitetin bütün əməkdaşlarının əmək haqlarının 20 faiz artırılıb: "Bundan əlavə qarşıdan gələn “Müəllimlər günü” münasibətilə universitetin bütün əməkdaşlarına maaşlarının 10 faizi məbləğındə mükafat verilməsi haqqında da qərar qəbul edilib".

Universitetin rektoru Yusif Yusibov Elmi Şurada çıxışında bildirib ki, əmək haqqının artırılması işçilərin sosial müdafiəsini gücləndirməklə yanaşı, həm də əməkdaşların pedaqoji fəaliyyətindəki məhsuldarlığının yüksəldilməsi, uğur kriteriyalarının müəyyən edilməsi, heyətin adekvat şəkildə mükafatlandırılmasının təmin edilməsi, rəqabət mühitinin gücləndirilməsi, əməkdaşların məmnuniyyət səviyyəsinin artırılması və keyfiyyət göstəricilərinin yüksəldilməsi məqsədini daşıyır.

Rektor əlavə edib ki, ölkəmizdə vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətində yaxından iştirak edən Gəncə Dövlət Universiteti öz əməkdaşlarının rifah halının yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır.