““Azərbaycan Dəmir Yolları” QSC-də müəyyən qədər struktur dəyişikliyi oldu, həm də rəhbərlik dəyişdi. Güman edirdik ki, yaxşılığa doğru nəsə dönüş olar, amma heç bir dönüş olmadı. Çox narazılığım var. ADY beynəlxalq standartlara cavab vermir. Nə estetik görünüşü, nə keyfiyyəti, nə sürəti, nə də sərnişin daşımalarındakı rolu ilə irəlidədir. Əksinə, geri qalır. Bu sahədə çox ciddi dəyişikliklər etmək lazımdır. Hökumət papağını qabağına qoyub düşünməlidir, hansı müsbət dəyişikliyi etsin ki, əhali də bundan razı qalsın...” 

Mia.az-ın məlumatına görə, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. 

O xatırladıb ki, sovet dövründə bütün dünya ölkələrinin yüklərinin 50%-dən artığı Sovet İttifaqındakı dəmir yolları ilə daşınırdı:

“Bizim ölkəmiz də o vaxt Sovet İttifaqının tərkibində olduğuna görə dəmir yolları çox intensiv işləyirdi. Doğrudur, sərnişindaşımada müəyyən problemlər yaşanırdı, amma bugünkü qədər də yox. Biz indi adını eşidirik ki, “sürət qatarları” var. Yaxşı, bəs sürət qatarları Gəncəyə neçə saata çatır? Görürük ki, Çində, Yaponiyada və digər dövlətlərdə nə qədər sürətli qatarlar işləyir. Onlar saatda 300-400 kilometrlə, bizimkilər isə tısbağa yerişi ilə gedirlər. Sumqayıtla Bakı arasındakı dəmir yolunda sərnişin daşınması biabrçı vəziyyətdir. Hər dəfə rayona gedəndə 20 Yanvar dairəsindəki tıxacdan keçmək olmur, özüm də çətinlik çəkirəm. Ümumiyyətlə, mən bilmirəm, qatarların fəaliyyəti hansı intensivliklə, hansı sürətlə işləyir? Vətəndaşlar dəmir yolundan artıq imtina edirlər. Halbuki hamı maraqlı olmalıdır ki, qatarla gedib-gəlsin. Məlumatlar alırıq ki, köhnə qatarları rəngləyib təzədən reysə buraxırlar. Onlar da tısbağa yerişi yeriyirlər. Təhlükəsizlik də pis vəziyyətdədir. Tez-tez qəzalar olur. Lokomotivlər, vaqonlar sıradan çıxır... Hətta yolda nəinki heyvanları, insanları da vururlar. Qatar vasitəsilə əvvəllər bu dərəcədə adam vurmaq məsələləri yox idi. Həqiqətən, çox narahatedici vəziyyət yaranıb...” 

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) hazırkı sədri Rövşən Mürvət oğlu Rüstəmovdur. O, 2022-ci ildə bu vəzifəyə təyin olunub. 

MİA.AZ