Azərbaycandan Kahramanmaraşın Türkoğlu rayonunda zəlzələdən zərərçəkənlərə göndərilən yardımı satan 8 nəfərlik dəstəyə qarşı əməliyyat keçirlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Kahramanmaraşın Türkoğlu rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, 6 fevral 2023-cü ildə Kahramanmaraşda baş verən zəlzələdən sonra Türkoğlu rayonunda yaradılmış Azərbaycan-Türkiyə Müvəqqəti Yaşayış Mərkəzində zəlzələdən zərərçəkənlərə göndərilən yardımların rəsmilər tərəfindən satılması müəyyən olunub.

"Araşdırmalar çərçivəsində 1-i müəllim və 4-ü mərkəzin məsul işçisi olmaqla 8 şübhəli saxlanılıb. İfadələri alındıqdan sonra məhkəməyə sövq edilən təqsirləndirilənlərdən 4-ü haqda həbs-qətimkan tədbiri seçilib, 4-ü isə ev dustaqlığına buraxılıb".

Xəbərdə deyilir ki, onlar Azərbaycanda da göndərilən yardımı satarkən iş başında tutulublar.

Faktla bağlı Türkoğlu Kaymakamlığı (İcra qurumu) da açıqlama verib: "Türkoğlu Baş Prokurorluğunun rəhbərliyi altında Azərbaycan-Türkiyə Müvəqqəti Yaşayış Mərkəzindən yardımların oğurlanaraq satıldığı barədə məlumat daxil olduqdan sonra həyata keçirilən əməliyyatda tutulanlardan 2 sənədsiz tapança, 1 sənədsiz ov tüfəngi və döyüş sursatı götürülüb. Bundan əlavə, qanuunsuz satışa qoyulan təxminən 1,5 milyon TL dəyərində konteynerlər, elektron əşyalar, qida və məişət avadanlıqları  ələ keçirilib".

Firudin Səfərli

MİA.AZ