120 Saylı Cəbrayıl-Qubadlı seçki dairəsini təmsil edən deputat Ceyhun Məmmədov Qarabağdakı evlərini kirayə verərək Bakıya qayıdan keçmiş məcburi köçkünlərin evlərinin əllərindən alınacağı barədə məlumatlara münasibət bildirib.

Mia.az-ın məlumatına görə, deputat Pravda.az-a açıqlamasında deyib ki, məsələ ətrafında o qədər də ajiotaj yaradılmasına ehtiyac yoxdur, bu qədər reaksiya və müzakirəni doğru hesab etmir. 

“Əlbəttə, hamı nəzərə almalıdır ki, Qarabağ torpaqları şəhidlərimizin qanı hesabına azad edilib. İnsanlarımız da dövlətin verdiyi evdə yaşamalıdırlar. Bu onların borcudur. Yox, yaşamaq istəmirlərsə, onda evləri təhvil verməlidirlər. Bəzən bu məsələ işlə də bağlı olur. İnsanlarımız köçdükləri ərazilərdə iş tapa bilmədikləri üçün Bakıya üz tutur, evlərini kirayə verirlər. Təbii ki, bu, düzgün deyil. Amma məcburi köçkünlərin hamısı evlərini kirayə verib, Bakıya gəlmirlər. Bu, çox təhlükəli, təxribat xarakterli  yanaşmadır, sağlam yanaşma deyil, qaçqınlarla qeyri-qaçqınları qarşı-qarşıya qoymaqdır. Belə yanaşmalara yer verməməliyik. Qaçqın, ya qeyri-qaçqın… Mən yenidən 1990-cı illərin əvvəllərini xatırladım. Sözün açığı, bir məcburi köçkün kimi bu məsələ məni də düşündürür. Əgər kimsə ona verilən evdə yaşamırsa, həmin evin əlindən alınması doğru qərardır. Belə də olmalıdır. Lakin təkrar edirəm, bütövlükdə bütün qaçqın və məcburi köçkünləri bu ittihama məruz qoymaq kökündən yanlışdır. Düşünürəm, bu məsələ işğaldan azad olunmuş ərazilərdə insanların məşğulluğunun önəmini bir daha qabardır. Biz bölgələrə əhalini köçürürüksə, insanlar orada işlə də təmin olunmalıdırlar ki, belə problemlər yaşamayaq. Düşünün ki, bir vətəndaşın Qarabağda evi var, amma işi yoxdur. Dolana, yaşaya bilmədiyinə, çətinlik çəkdiyinə görə məcburdur ki, qayıtsın. Bir müddət əvvəl də belə videolar gördük, bu gün də görürük. Öz açıqlamalarımızda, bu məsələyə baxışımızda diqqətli olmalıyıq. Bir-birimizi diskriminasiyaya məruz qoymamalı, ittihamdan çəkinməliyik. Ola bilsin, bir fakt var. Məgər bu gün Azərbaycan mətbuatında, cəmiyyətində müzakirə olunası başqa məsələ yoxdur? Cənab Prezident bölgəyə getdi, bir çox obyektlərin açılışını həyata keçirdi. Qarabağ Universiteti, yeni məktəblər, zavodlar, fabriklər… Bundan danışaq. Hansısa vətəndaş sosial mediada çıxıb nəsə deyir, yaxud haradasa fakt aşkarlanır və bunun ətrafında ajiotaj yaradır. Birliyimizə və həmrəyliyimizə çox ciddi mənfi təsir göstərir. Bəzən mənə belə gəlir ki, bu məsələ xaricdən idarə olunur və yerli mediamız da qurbanına çevrilir. Belə münasibətlərə, reaksiyalara təəssüf edirəm”, – deputat bildirib.