“Səbail”in baş məşqçisi Şahin Diniyev dünən “Sabah”a 2:4 hesablı məğlubiyyətdən sonra ənənəvi bəhanələr söylədi. Heç bir maddi sıxıntısı olmasa da, son 12 rəsmi görüşdə yalnız 1 qələbəsi olan (5 oyun ötən mövsümün sonunda, 7 oyun indiki çempionat) komandanın çalışdırıcısı sözü qurtaran aşıqlar kimi, “düzgün yoldayıq, düzgün yoldayıq” dedi.

Sitat: “Səbail” yeni qurulan komandadı, futbolçuların birlikdə oynamasına ehtiyac var. Hər oyunda irəliləyiş görünür. Düzgün yoldayıq”.

Əvvəla, “Səbail” yeni qurulmayıb, 2016/2017 mövsümündən Misli Premyer Liqasında çıxış edir. Diniyev isə 2022-ci ilin sonundan bu komandada çalışır, bütün transferlərdə birbaşa rolu, razılığı var. Bir vaqon legioner göndərib, bir o qədər də gətirirsənsə, deməli, başqa maraqlar yox deyil.

Diniyevə deyin ki, çempionatın yeganə yeni komandası “Şamaxı”dı, Ayxan Abbasov 1 aya komanda yığıb, nəticəsi də göz qabağında, “Səbail”dən düz 7 xal öndədi.

Maraqlıdı, hər oyunda irəliləyiş görünürsə, komanda düzgün yoldadırsa, “Səbail” niyə 12 oyunda yalnız bir qələbə qazanıb, niyə autsayderdi? Hər oyunda 2-3 top buraxmaq, nə vaxtdan irəliləyiş sayılır?

12 oyunda 1 qələbəsi olan Diniyevin “düzgün yolu” budurmu?

Mən tanıdığım Diniyev bundan sonra 12 oyunda da uduzsa, istefa verəsi deyil. Bunun üçün gərək insanda istefa mədəniyyəti ola. Dəqiq bildiyi odu ki, kimsə ona qucaq açmayacaq. Bu səbəbdən ASCO rəhbərliyinin başının altına yastıq qoymaqla məşğuldu. Yəni, Rauf Vəliyev nə vaxt qovarsa, qovsun!.

İxtiyar Əsgərov, 

İdman yazarı

MİA.AZ