Keçmiş vəkil Elman Paşayev Moskvada dələduzluq ittihamı ilə saxlanılıb.
Bu barədə sentyabrın 17-də Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Bildirilir ki, Elman Paşayevə qarşı Cinayət Məcəlləsinin 159-cu maddəsi (xüsusilə böyük miqyasda fırıldaqçılıq) maddəsi ilə cinayət işi açılıb:
“Günahı sübuta yetirilərsə, Elman Paşayevi 10 ilə qədər həbs cəzası gözləyir. Elman Paşayev hazırda hərbi qulluqçu olduğu üçün sentyabrın 18-də hərbi məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçəcək”.
“İstintaq müəyyən etdi ki, 2024-cü ilin fevralında Elman Paşayev Aleksey Blinovskini inandırıb ki, “böyük pul mükafatı” müqabilində onu və həyat yoldaşı Yelena Blinovskayanı əvvəllər açılmış vergidən yayınma işi üzrə cinayət məsuliyyətindən azad edə bilər. Buna görə Paşayev ondan 46 milyon rubldan çox pul alıb. Blinovski Paşayev işi üzrə zərərçəkmiş kimi tanınıb”, – deyə komitə əlavə edib.
Bloger Yelena Blinovskaya “Arzular marafonu” şəxsi kurslarının müəllifidir.
İstintaq Komitəsi 2023-cü ilin aprelində onu vergidən yayınmada, qanunsuz gəlirləri leqallaşdırmaqda ittiham edib.
Ona qarşı Cinayət Məcəlləsinin 198-ci maddəsinin 2-ci hissəsi və çirkli pulların yuyulması (4-cü hissənin “b” bəndi) ittihamları ilə cinayət işi açılıb.
Ötən ilin aprelin 27-də Y.Blinovskaya Rusiyanın sərhədini keçmək istəyərkən Smolensk vilayətində sərhəd-keçid məntəqəsində saxlanılıb, axtarış zamanı onun Daşkəndə getmək istədiyi məlum olub.
2024-cü il yanvarın 22-də Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi Y.Blinovskayanı ev dustaqlığı şərtlərini pozduğuna görə həbs edib.
Aprelin 24-də Moskva Şəhər Məhkəməsi Yelena Blinovskayanın həbs müddətini 3 ay uzadıb.
İyulun 24-də Moskva Şəhər Məhkəməsi həbs müddətini daha bir ay uzadıb.
Ötən ayın 1-də prokurorluq ittiham aktını təsdiqləyib.
Yelena Blinovskayanın əri Aleksey Blinovski də vergidən yayınmaqda və xüsusilə böyük miqyasda çirkli pulların yuyulmasında ittiham olunur.
İyun ayında Rusiya Daxili İşlər Nazirliyi Aleksey Blinovski haqda axtarış elan edib.