Bakının Nizami rayonunda da piyadaların hərəkəti üçün səki qalmayıb.
Mia.az-ın məlumatına görə, narazı sakinlər bildirir ki, Nizami rayonunun əksər küçələrində piyada səkiləri zəbt edilib. Ya yolların kor-koranə genişləndirilməsi, ya yol kənarındakı obyektlərin genişləndirilməsi, ya da səkilərin satılması zamanı piyadaların hərəkəti üçün nəzərdə tutulan yollar məhv edilib.
Rayonun Qara Qarayev prospektində də acınacaqlı vəziyyət hökm sürür. Sakinlər bildirib ki, onların təhlükəsi üçün hər cür şərait yaradılıb. Piyadalar avtomobil yolu ilə hərəkət etməli olur. Onların sözlərinə görə, vaxtilə bu səkilər enli və geniş olub. Sonradan obyekt sahiblərinə satıldığı üçün vəziyyət bu həddə çatıb. Bir piyadanın güclə hərəkət etdiyi səkilərin bəzi hissələrində də hərəkəti ya ağaclar, ya da işıq dirəkləri məhdudlaşdırır.
Sakinlər Nizami rayonundakı səki probleminin tezliklə aradan qaldırılmasını tələb edir(Tribunainfo.az).
Qarşı tərəfi dinləməyə hazırıq.
***
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətindən Mia.az-a bildirilib ki, Nizami rayonu, Qara Qarayev prospekti 37A ünvanında piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkinin üzərində yerləşən ağacların sakinlərin gediş-gəlişinə maneə törətməsi ilə bağlı yaranmış vəziyyət uzun illərdir mövcuddur: "Hal-hazırkı dövrlə heç bir əlaqəsi yoxdur. Bununla bağlı olaraq Rayon İcra Hakimiyyəti tərəfindən qeyd edilən ünvanda yerləşən ağacların başqa əraziyə köçürülməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət edilmişdir".
Maraqlıdır, İcra Hakimiyyəti qaldırılan problemi (obyekt tikintisi və s.) bir yana qoyub, yalnız ağaclarla bağlı izahat verib. üstəlik, qalan problemi üstüörülü formada əvvəlki icra başçılarının yaratmalarına yönəldib...
MİA.AZ