Bəlli olduğu kimi, UEFA Millətlər Liqası çərçivəsində Bakıda İsveç millisini qəbul edən milli komandamız dünən 1-3 hesabı ilə uduzdu.

Halbuki rahat 3 qol vura bilərdik. Elə təkcə Elvin Cəfərquliyevin atdığı top qapı dirəyinə dəyməsəydi, əla qol olacaqdı. 

Bəs onda niyə biz uduzuruq?  Niyə penalti zərbəmiz boşa çıxır? Penalti elə bir qol şansıdı ki, hər zaman yaranmır. Özü də dünənki penalti qərarı hakimin uzun tərəddüdündən və VAR-a diqqətlə baxıldıqdan sonra verildi. Biz coşduq, camaat həyəcanlandı. Sonra Ramil Şeydayev topa ehmalca toxundu və labüd qol şansını əldən qaçırdı.

Şübhəsiz, belə uğursuzluq hər futbolçunun başına gələ bilər. Amma bir məsələ də var ki, dünənki "Ramil şou"nun səbəbi sən demə başqaymış, sonradan bildik. Yəni, əslində qolu Emin Mahmudov vurmalıymış, sadəcə Şeydayev qəfildən özfəaliyyət edib.

Millinin uğursuz oyunun səbəbi ilə bağlı fikirlərini mia.az saytına açıqlayan Bəhlul Mustafazadə bildirir ki, əgər bu qolu onun başqa bir komanda yoldaşına həvalə etsəydilər belə, nəticənin yüz faiz qol olacağını söyləmək çətindi: "Deyəcək bir şey yoxdu. Komanda yoldaşımın arxasındayam. Sadəcə, çalışmaq lazımdı ki, gələcək oyunlarda əlimizə düşən belə şanslardan maksimum istifadə edək".

Zülfiyyə MUSTAFAYEVA 

MİA.AZ