Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyevin oğlu Orxan Əliyev keçmiş həyat yoldaşı Rada Musayevadan aliment tələb edir.
Mia.az-ın məlumatına görə, bu barədə Gununsesi.info-ya müraciət edən Rada Musayeva bildirib ki, həyat yoldaşı olmuş Orxanla ayrıldıqdan sonra ilk övladını onun əlindən alıb:
“Uşağı dünyaya gətirəndən təxminən 1 ay sonra əlimdən aldılar. Şantajlar, hədələr, qorxular məni susmağa vadar etdi. Biz Litvada yaşayırdıq. Sonrakı müddət ərzində barışmışdıq. Birgə olduğumuz dövrdə Orxan mənimlə birgə yaşasa da amma, uşağı dayədə saxladırdı. Biz barışandan sonra ikinci övladımız dünyaya gəldi. Sonradan yenə də Orxanla yollarımız ayrıldı. İndi isə məlum olub ki, Yasamaı Rayon Məhkəməsi vasitəsilə məndən aliment tələb edilib və məhkəmə bunu qəbul edib. Atasının nüfuzu, əlaqələri vasitəsi ilə Yasamal Rayon İcra şöbəsi apellyasiya şikayəti verməyimə belə möhlət qoymadı. Halbuki, apellyasiyanın qərarından sonra hökm qanuni qüvvəyə minir. Necə ola bilər ki, Yasamal Məhkəməsi qərar verir , ardınca Rasim adlı icraçı mənə hədə formasında zəng edərək, 7200 manat gətirməyimi tələb edir. Üstəlik , mənə 500 manat da cərimə yazılıb. Mən hara gedirəmsə, Aydın Əliyevin adı çəkilir. Uşağımı əlimdən alıblar, evimə buraxmırlar, üstəlik də aliment tələb edirlər. Mən Ədliyyə Nazirindən xahiş edirəm ki, Yasamal İcra Şöbəsinin bu qanunsuz hərəkətlərini araşdırsın”.
Rada Musayeva əlavə edib ki, ikinci övladı 8 yaşına çatsa da Orxan Əliyev ona heç bir maddi dəstək göstərməyib: “Uşağın adına mənzil alınıb. Amma mən bugün kirayədə yaşayıram. Təsəvvür edin ki, bu vəziyyətdə ölkədəki mövqelərindən istifadə edib məndən pul tələb edirlər. Bu, nə dərəcədə qanunauyğundur? Övladına sahib çıxmayan ata, onu böyüdən ananı hər cür formada əzir. Bu hökmü çıxaran hakim də vicdansız adamdır. Ona sual vermədi ki, axı, sənin digər övladını da bu qadın böyüdür, sən ondan necə pul tələb edə bilərsən. İkinci övladımı çətinliklə böyüdürəm. Qeyd edim ki, məndən ayrılandan sonra ailə həyatı da qurmuşdu. Lakin ikinci evliliyi də uzun çəkmədi. Sonra mənimlə barışmışdı”.
Rada Musayeva Gununsesi.info vasitəsilə yeni ədliyyə nazirindən üzləşdiyi bu durumun araşdırılmasını xahiş edir: “Bacım Aydın Əliyevə zəng edib oğlundan şikayət etmişdi. Təəssüf ki, bu adam oğluna haqq qazandırdı. Yəni, sözün bitdiyi yerdəyik. Hər yerdə tanışları var. Zənglər edirlər, pul verirlər. İndi qorxuram ki, ikinci övladımı da əlimdən alsınlar. Mən sizin media vasitəsilə aidiyyatı qurumlardan xahiş edirəm ki, məni bu vəziyyətdən çıxarsınlar. Orxan Əliyev hər gün məni təhdid, şantaj edir. Kiçik övladım mənimlə yaşayır, amma onun adına olan mənzilə girə bilmirəm. Qapının açarlarını dəyişib. Hədə-qorxu gəlir ki, evə getsən, özündən küs. Mənə deyir ki, üzünə kislota tökəcəm. Açığı, mən çox qorxuram. Sabah başıma bir hadisə gələrsə, bunu Orxan təşkil edəcək. Həyatıma görə çox narahatam”.
Məsələ ilə bağlı Orxan Əliyevin mövqeyini öyrənməyə çalışsaq da buna nail ola bilmədik.
***
Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin sabiq sədri general-polkovnik Aydın Əliyevin keçmiş gəlini ailə ilə bağlı ağır ittihamlar səsləndirib.
Rada Musayevanın iddiasına əsasən, A.Əliyevin oğlu olan keçmiş həyat yoldaşı Orxan Əliyev atasının nüfuzundan istifadə edərək ondan aliment tələb edir. Qadın bildirib ki, icraçı ona hədə formasında zəng edərək 7200 manat gətirməyini tələb edib.
Mia.az-ın məlumatına görə, “Qafqazinfo” məsələ ilə bağlı Ədliyyə Nazirliyinə sorğu ünvanlayıb.
Qurumdan sorğuya belə cavab verilib: “Bakı şəhəri Səbail Rayon Məhkəməsinin mülki iş üzrə 26.07.2024-cü il tarixli qətnaməsinə əsasən Rada Musayevadan Əliyev Orxan Aydın oğlunun xeyrinə azyaşlı uşağın saxlanılması üçün 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək 3 illik müddət üçün cəmi 7.200 manat məbləğində alimentin tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilib.
Qətnamənin icrası ilə bağlı icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Yasamal rayon icra şöbəsinə göndərilib. İcra vərəqəsində nəzərdə tutulan məbləğin ödənilməsi borclu Musayeva Rada Çingis qızından tələb edilib, lakin borc ödənilməyib. İcra vərəqəsində nəzərdə tutulan məbləğ borclu tərəfindən ödənilmədiyinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.08.2024-cü il tarixli qərarı ilə Musayeva Rada Çingis qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat miqdarında inzibati qaydada cərimə edilib”.