Sentyabrın 3-də saat 10 radələrində Bərdə rayonunun Cəyirli kəndində yerləşən yarımtikilidə 2 gün əvvəl itkin düşmüş həmin kəndin sakini, 2009-cu il təvəllüdlü Sevinc Abbaslının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Mia.az Bərdə Rayon prokurorluğuna istinadla bildirir ki, prokurorluq və polis əməkdaşları tərəfindən prokuror kriminalist və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib: "Meyitin xarici müayinəsi zamanı üzərində müxtəlif xəsarət izləri aşkar edilib. İlkin araşdırma zamanı zərərçəkmişin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edildiyindən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir".

Xatırladaq ki, yayılan məlumata görə,  qızın meyitinin qonşu həyətdə basdırıldığı müəyyən olunub.

Hazırda faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.