Futbol üzrə Misli Premyer Liqasının bu ilki çempionatı start götürəndən bəri bəzi klublar diqqəti cəlb edib. İllərdi, bu çempionatın mütləq qalibi “Qarabag” Futbol Klubu (FK) olub.

Bu il həmin tilsim sınacaqmı? Hansı klublar parlayacaq? 

“Artıq 5 oyun keçirilib yerli çempionatda və müəyyən fikirlər formalaşıb”, - deyə “Zirə” Futbol Klubunun (FK) baş məşqçisi Rəşad Sadıqov mia.az saytına bildirib.

Onun sözlərinə görə, keçən il turnir cədvəlində ilk beşlikdə olan komandaların bu ildə də yerinin dəyişməyəcəyini düşünür:  “Amma “Araz-Naxçıvan” FK və “Turan-Tovuz” FK diqqətimi cəlb edir. İstər məşqçi, istər  futbolçu seleksiyası çox yaxşıdı. Çempionat başlamazdan əvvəl hələ yay dönəmində bəlli idi ki, bu yarışlar çox ideal olacaq. Digər tərəfdən “Şamaxı” FK-nın baş məşqçisi Ayxan Abbasovu da qeyd etmək vacibdi. Onun gördüyü iş sadəcə, fantastikadı. Qısa müddət ərzində, bir ayın içində birinci liqadan çıxan komandanı belə güclü hazırlaşdırmaq üçün böyük bacarıq lazımdı. Ayxan Abbasovun yerində əcnəbi məşqçi olsaydı, çoxdan özünü reklam edib, fəaliyyətini işıqlandırardı”. 

R.Sadıqov hesab edir ki, “Səbail” komandası da indiyə qədər çox yaxşı oyunlar keçirib: “”Sumqayıt” da yaxşı oynayır. Maliyyə məslələrinə görə çətinlik çəkən “Kəpəz” geridə qalır, amma onların da vəziyyətdən çıxış yolu tapılacaq. Keçən il də onların müəyyən problemləri vardı, sonra həll etdilər. Hazırda onlarda məşqçi dəyişikliyi baş verib, yeni məşqçinin də iradəsinə bələdik. Yəni, bu ilki çempionat daha gərgin olacaq”.

Zülfiyyə Mustafayeva

MİA.AZ