Zülfiyyə MUSTAFAYEVA
***
“Qarabag”ın UEFA Çempionlar Liqasının play-off mərhələsindəki hər iki oyunu minlərlə azarkeşə yumşaq desək, hörmətsizlik idi. Elə mötəbər mərhələ üçün bunlar nə oyun idi, ay Qurban hoca? Ayıb deyilmi?
Ha deyirəm səsimi çıxarmayım, necə gündü onsuz da danışırlar, döşəyirlər bunlara, mən də qoşulmayım, amma inanın ki, adam “deməsəm, ölləm”,
- kimi duruma düşür. Dünəndən bəri Qurbanovun köynəyini də “koriçnevıy” yuyub ag səriblər, cibinə kimi sayıblar, istəmirsən sən də yıxılana balta vuranlardan olasan. Amma dediyim ki, adam özünü saxlaya bilmir. Çünki biz də insanıq, hisslərimiz var, hər oyuna ürəyimizi, həyəcanımızı qoyuruq, pul töküb bilet alırıq, gəlirik ki, gözümüz sevinsin. Bizi ümidvar edirlər. Axırı da belə.
Mən hələ görməmişəm ki, bir komanda səfərdə böyük hesabla məglub ola, amma cavab görüşünə insanlar bu qədər ümid baglasın.
Məsələn, o gün “Zirə”nin cavab görüşündə stadion bomboş idi. Çünki azakeşi inandıra bilməmişdi “Zirə”. Amma sizin cavab oyununda 30 minə yaxın adam var idi-e, o gün. Camaat əvvəlki məglubiyyəti düşünmədən yıgışıb gəlmişdi.
Əgər sizlərin əvvəlcədən Avropa Liqası planı və ya hədəfi vardısa, bizi niyə bu oyunlara ümidvar edirdiniz, ay Qurban hoca? Səfərdəki oyundan sonra da sizə dedik ki, komandan həvəssizdi, yorgun görünürlər, topa qüvvətli zərbələr yoxdu, fiziki hazırlıqlarınız zəifdi. O günlərdə hətta kimsə yazdı ki, bu, məhəllə futbolu kimi bir şeydi. Acıgınız tutdu bu sözlərə.
Amma yalanmı dedilər? Hədəfi və motivasiyası Avropa Liqası olan bir komanda sadəcə, bu qədər cılız gediş edə bilərdi. Sizinki oynamaq yox, yola vermək demək idi. Avropa Liqası kimi alternativ olmasaydı, bu iki oyundan ikiəlli yapışıb canavar kimi döyüşəcəkdiniz.
Tutaq ki, Çempionlar Liqası yüksək futbol platformasıdı, gözünüz qorxdu. Hədəfiniz olan Avropa Liqasındakı klublar məgər zəifdimi? Bu gün püşkatma olub və qarşıda sizi heç də asan oyunlar gözləmir. Bəxtiniz gətirəcəkmi?
Hərdən deyirsiniz ki, Avropa məkanı üçün yüksək yarışmalara yetərincə hazırlaşa bilmirsiniz. Çünki ölkə daxili çempionatda güclü rəqibiniz yoxdu ki, oynayıb təcrübə yıgasınız. Niyə yoxdu? Bəs “Turan-Tovuz”? Oynayın onlarla təcrübə yıgın, çünki həqiqətən bu ilki çempionatın üzdə olan yeganə klubudu “Turan-Tovuz”. Hələ onlara bu il qol vura bilməmisiniz.
Həmkarlarım deyir ki, bizdə siyasətdə Qarabag problemi erası bitdiyi kimi, futbolda da “Qarabag” markası dövrü başa çatmaq üzrədi.
Düzdü, “Turan-Tovuz”un timsalında düşünürəm ki, yeni nəfəslik açıla bilər futbolumuzda. Klubun iki oyunçusu isə millinin “İsveç”lə oyununa dəvət alıb. Xeyirli-ugurlu olsun.
Bizim də hisslərimizlə oynayanlar çəkilsin artıq ortadan. Bazarı baglasınlar. Gözümüz futbol görsün. Oyun görsün. Qüvvətli zərbələr, sərrast ötürmələr, nəhayət, qol görsün, qol.
Futbolu bayram hesab edənlərin həvəsi qursagında qalmasın.
MİA.AZ