“Horadiz” və “Lənkəran” sərhəd dəstələrinin xidməti ərazisində İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Mia.az Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Xidmətinə istinadla xəbər verir ki, DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” və “Lənkəran” sərhəd dəstələrinin xidməti ərazisində ümumi çəkisi 29 kiloqram 068 qram narkotik vasitə marixuananın və 1488 ədəd metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Belə ki, avqust ayının 26-da saat 08:40-da “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 16 kiloqram 520 qram narkotik vasitə marixuana və 1488 ədəd metadon M-40 həbinin, avqust ayının 30-da saat 01:40-da “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 12 kiloqram 548 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə ölkəmizə keçirilməsinin qarşısı alınıb. Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.