Sabah UEFA Avropa Liqası və UEFA Konfrans Liqasında 2024-2025-ci il mövsümü üzrə rəqiblər bəlli olacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Monakodakı Qrimaldi Forumunda Avropa futbolunun ikinci və üçüncü klub səviyyəli təşkilatları olan UEFA Avropa Liqası və UEFA Konfrans Liqasının püşkatma mərasimi keçiriləcək. 

Məlumata görə, yeni formatı ilə ilk dəfə keçiriləcək Avropa Liqasının püşkatma mərasimi Bakı vaxtilə saat 15.00-da, Konfrans Liqasının püşkatma mərasimi isə 16.30-da başlayacaq.

Azərbaycanı Avropa Liqasında təmsil edəcn yeganə komandamız "Qarabağ"la yanaşı, “Fənərbağça”, “Qalatasaray” və “Beşiktaş”ın UEFA Avropa Liqasında, “RAMS Başakşehir” və “Trabzonspor” isə Konfrans Liqasındakı rəqibləri müəyyənləşəcək.

Xatırladaq ki, UEFA Avropa Liqası və UEFA Konfrans Liqası bu mövsümdən etibarən klassik qrup formatı əvəzinə, hər biri 36 komandanın iştirakı ilə liqa formatında təşkil olunacaq.

Avropa Liqasında hər komanda 4 evdə, 4 səfərdə olmaqla 8 rəqiblə qarşılaşacaq. Konfrans Liqasında hər komanda 3-ü içəridə, 3-ü isə kənarda olmaqla 6 rəqiblə mübarizə aparacaq. Komandalar hər iki turnirdə 4 qazanın hər birindən iki komanda ilə qarşılaşacaq.

Hər iki turnirdə ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala yüksələcək. Liqalarda 9-24-cü yerləri tutanlar pley-off mərhələsində üz-üzə gələcək və son 16 tura vəsiqə qazanmağa çalışacaq. Pley-off raundundan başlayaraq, ikili oyundan kənarlaşdırma sistemindən istifadə olunacaq.

İlk oyunlarının 25-26 sentyabr tarixlərində oynanılacağı Avropa Liqasının final oyunu 2025-ci il mayın 21-də İspaniyanın Bilbao şəhərindəki San Mames stadionunda keçiriləcək.

Konfrans Liqasının yarışları oktyabrın 3-də başlayacaq. Turnirin finalı 2025-ci il mayın 28-də Polşanın Vrotslav şəhərindəki eyniadlı stadionda keçiriləcək.

Fərid Aslan

MİA.AZ