Bu gün Premyer Liqada IV tura start verilir. Açılış matçı “ASKO Arena”da autsayderlər “Səbail” və “Kəpəz” arasında olacaq.
Turun oyun cədvəlinə baxanda, yadıma bir lətifə düşdü.
Deməli, bir ailənin iki qızı olur. Biri aran, digəri dağa gəlin köçübmüş. Günlərin birində ata övladlarına baş çəkməyə yollanır və öncə yolunu arandan salır. Hal-əhvaldan sonra qızı deyir ki, ay ata, hər şey yaxşıdı, pambıq əkmişik, amma yağış yağsa batdıq.
Kişi ertəsi gün dağdakı qızının evinə gedir. Yenə hal-əhvaldan sonra qızı deyir ki, ay ata, hər şey yaxşıdı, kartof əkmişik, amma yağış yağmasa batdıq.
Kişi evə qayıdanda arvada deyir ki, bir onu bilirəm, ikisindən biri “batacaq”. Hansı batacaq, onu yalnız Allah bilir!
Üç turdan sonra həm “Səbail”, həm “Kəpəz”in durumu çox pisdi, sanki biri dağda, biri arandadı, hər ikisi “batmaq” üzrədi.
“Səbail”də normal rəhbərlik, normal şərait olsa da, komanda baş məşqçi sarıdan əziyyət çəkir. Ötən mövsüm o boyda büdcə ilə boşa verildi, amma sonda qazanan komanda yox, Şahin Diniyevin dost-tanışı, qohum-əqrəbası oldu.
Ev oyunlarını kənarda keçirən “Kəpəz” isə qapılarda qalıb. Gəncəlilər Premyer Liqada qaldıqları üçün baş məşqçi Adil Şükürova minnətdar olmalıdı, amma bu komanda rəhbərliyinin futbol biliyi “Tutu, topu tut” səviyyəsindədi.
“Səbail”in 1 xalı varsa, “Kəpəz” heç qol vurmayıb, 0 xalla sonuncudu. Böyük ehtimalla, bu günkü qarşılaşmadan sonra ya Diniyev “batacaq”, ya da Şükürov.
Hansının istefaya gedəcəyini və ya göndəriləcəyini isə Allah bilir!
İxtiyar Əsgərov
MİA.AZ