Ukraynada Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) boykot edilməsi ilə bağlı kampaniya başlayıb.

Xüsusilə sosial şəbəkələrin Ukrayna seqmentində bu istiqamətdə paylaşımlara rast gəlmək olur. Boykotun səbəbin şirkətin “Qazprom”la strateji tərəfdaşlığı genişləndirməsi, bu istiqamətdə razılaşma əldə etməsi olaraq göstərilir.

Aydın məsələdir ki, SOCAR-la bağlı başlanan kampaniyanın Ukrayna hökuməti ilə əlaqəsi yoxdur. Kiyev indiki məqamda Bakı ilə münasibətləri pozacaq addımlar atmaz. Məsələ ondadır ki, Azərbaycan Rusiyanın Ukraynada apardığı müharibəni dəstəkləmir. Həmçinin rəsmi Bakı Kiyevə müharibənin ən kritik anlarında humanitar yardımlar edib, pulsuz yanacaq verib. Prezident Vladimir Zelenskinin və hökumətinin bütün bunları unudub sırf “Qazprom”la strateji tərəfdaşlığın genişləndirilməsi barədə razılaşma əldə etdiyi üçün SOCAR-ı boykot etməsi inandırıcı deyil.

Ümumiyyətlə, SOCAR-ın “Qazprom”la imzaladığı sazişin mətninə baxdıqda görmək olur ki, bunun Ukraynaya heç bir aidiyyəti yoxdur. Belə ki, iki şirkət arasında “Şimal-Cənub” layihəsi konsteksində tərəfdaşlıq var və inkişaf edir. Yeni razılaşmanın detallarını isə “Qazprom”un rəhbəri Aleksey Miller açıqlayıb.

“Qazprom” və SOCAR arasında qarşılıqlı faydalı tərəfdaşlıq dinamik inkişaf edir. Buraya “Şimal-Cənub” layihəsi, cari ilin sentyabrında genişmiqyaslı elmi-texniki əməkdaşlıq proqramının imzalanmasına dair razılaşma daxildir. “Qazprom”un rəhbəri Aleksey Miller şirkətlər arasında çoxşaxəli strateji tərəfdaşlığın genişləndirilməsi ilə bağlı razılıq əldə olunduğunu açıqlayıb. Bütün bunlara baxmayaraq SOCAR-a qarşı boykotu məntiqli hesab edənlər varsa, deyim ki, müharibəyə, sanksiyalara baxmayaraq Rusiya qazı hələ də Ukrayna ərazisindən keçərək Avropaya çatdırılır. Bu satışdan isə yenə ən böyük gəliri “Qazprom” götürür, Ukrayna isə tranzit haqqı alır.

Söhbət təkcə SOCAR-ın hədəf alınmasından getmir. Çünki bu, şirkətə qarşı ilk boykot cəhdi deyil. Belə ki, bir müddət öncə şirkətin İstanbuldakı ofisi etirazçıların hücumuna məruz qalmışdı. “Fələstin üçün min gənc” adlı qrup neft şirkəti ofisinin üçrəngli bayrağımızın rəngləri olan divarlarına qırmızı boya atıb, giriş qapılarını sındırmağa cəhd etmişdi. Həm İstanbuldakı bu olay, həm də Ukraynada başladılan boykot ehtimal ki, eyni mərkəzdən idarə olunur. Çünki SOCAR-a qarşı aparılan kampaniyalar məhz dost və əməkdaşlıq etdiyimiz ölkələrdə olur. Həmin ölkələrin, hökumətlərin belə bir şey etməsi məntiqsizdir.

Mümkündür ki, hər iki prosesin arxasında erməni lobbisi və diasporu, hətta Fransa dayanır. Belə ki, kampaniyalar SOCAR üzərindən aparılsa da, məqsəd Azərbaycanın nüfuzunu zədələmək, etibarına xələl gətirməkdir. Məsələn, Ukraynadakı boykot Azərbaycanın işğalçı müharibədə Rusiyanı dəstəklədiyi təəssüratını yaratmağa hesablanıb.

Bununla Qərbin Bakıya təzyiq etməsi istənilir. İstanbuldakı hadisədə isə Azərbaycanın İsrailə dəstək verdiyi fikri yaradılır, buna görə islam ölkələrinin Bakıya təzyiq göstərməsi istənilirdi. Nəticə etibarilə hər iki olay və hesablandığı məqsəd bənzərdir. Bu da prosesin vahid mərkəzdən idarə edildiyini göstərir.

Turan Rzayev

MİA.AZ