"Elə bilirsiz ki, yezidlər tək Bakıdadı? Onlardan bizim kənddə - Aşağı Quşçuda da var. Dövlət büdcəsindən milyonlar alıb, guya həyətlərə su çəkiblər, amma...

... amması odu ki, pulun yoxdusa, susuz qalacaqsan. Konkret, sahibsiz kənddi, bacarırsansa, başını saxla".

Mia.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist, əslən Tovuzun Aşağı Quşçu kənd sakini İxtiyar Əsgərov sosial media səhifəsində yazıb.

Onun sözlərinə görə, 10 gündə evinə 2 maşın su gətirdib: "Xərci 36 manat. Hələ 4-5 gün əvvəl kənddə bir maşın su 40 manat idi. Bizim küçənin sakinləri seçki öncəsi susuzluğa etiraz əlaməti kimi, magistral yolu bağlasalar, necə olacaq, görəsən? İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hərdən yumşaq kreslodan durun, kondisionerli otaqdan çıxıb kəndlərə də baş çəkin, bir maraqlanın, 350 manat təqaüd alan vətəndaş suya pul çatdıra bilirmi? Bir maraqlanın, kəndlərdəki nümayəndəniz, bələdiyyəniz nə işlə məşğuldu...Kimlərə görəsə çox açıb-ağartmaq istəmirəm, istədiyim yalnız sudu, su...".

Tovuzdan əldə etdiyimiz məlumata görə, yaranmış problemə cavabdeh qurumların heç biri indiyədək reaksiya verməyiblər. Tovuzlular isə işinə biganə yanaşan məmurlardan təkcə narazı deyil, həm də ölkə başçısına şikayətçidirlər..

Mövzuya qayıdacağıq.

Əhməd

MİA.AZ