UEFA çempionlar liqasının pley-off mərhələsinə yüksələn "Qarabağ" klubu artıq Xorvatiyada, Zaqreb şəhərindədi və bu ölkənin "Dinamo" (Zaqreb) komandası ilə ilk qarşılaşmasına hazırlaşır.
Mia.az-ın məlumatına görə, oyun adıçəkilən şəhərin Maksimir stadionunda keçiriləcək.
"Qarabağ" bu mərhələyə Bolqarıstanın "Ludoqorets" klubunu səfərdə məğlub edərək vəsiqə qazanıb.
Bu saatlarda Zaqrebdə şiddətli yağış yağır. Sabah avqustun 20-də Maksimir stadionunda boş yer olmayacaq. Biletlərin demək olar ki, tamamilə satıldığı bildirilir.
Bir neçə saat əvvəl isə komandaların baş məşqçiləri mətbuat nümayəndələri ilə görüşüblər.
"Qarabağ"ən baş məşqçisi Qurban Qurbanov və komandanın yarımmüdafiəçisi Abdullah Zubir mətbuat konfransında iştirak edib.
Q.Qurbanov deyib ki, hər yarış mərhələsini keçdikdən sonra rəqiblər onlara daha ciddi yanaşırlar: "Üçüncü dəfədi ki, əlimizə belə şans düşür. İstəyirik, maksimum istifadə edək. Bir az itkilərimiz var, amma yaxşı hazırlaşmışıq. Belə böyük azarkeş toplusunun qarşısında oynamaq sevindicidi".
Baş məşqçinin sözlərinə görə, o, futbolçularının sabah nizamlı-intizamlı oyun quracağına inanır: "Oyundan-oyuna komanda özünü daha yaxşı hiss edir. Fiziki hazırlığımız da pis deyil. Düzdü, mən hələ tam razı deyiləm, amma hər oyundan sonra daha yaxşı formada olurlar. "Dinamo" (Zaqreb) təcrübəli və nəticə üçün maksimum oynamağı bacaran rəqibdi. Bizimçün belə rəqibə qarşı oynamaq çox xoş və maraqlı olacaq".
Baş məşqçi rəqibin basqı göstərəcəyini istisna etməyib: "Ona görə də daha intizamlı və səliqəli oynamalıyıq. Həm də böyük azarkeş dəstəyini də nəzərə almalıyıq".
Xatırladaq ki, oyun avqustun 20-də, Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.
Zülfiyyə Mustafayeva
MİA.AZ