“Azərbaycan dövləti özünün şanlı tarixinin ən mühüm mərhələlərindən birini yaşamaqdadır. Ərazi bütövlüyümüzün təmin edilməsinin, suverenliyimizin tam bərpasının ardınca Azərbaycanın hər bir bölgəsində baş tutacaq Milli Məclisə seçkilər həm də ərazi bütövlüyümüzün yeni təcəssümü kimi tarixə yazılacaq”.
Mia.az xəbər verir ki, bu fikirləri "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında Qarabağ Universitetinin İncəsənət fakültəsinin Vokal kafedrasına müdiri, Əməkdar artist, Prezident mükafatçısı Səbuhi İbayev deyib.
O bildirib ki, qısa zaman kəsiyində Qarabağda və Şərqi Zəngəzurda aparılan abadlıq-quruculuq işləri nəticəsində həmin ərazilərdə həyat öz axarına qovuşur.
“Bu parlament seçkiləri mühüm əhəmiyyəti ilə yadda qalacaq. İşğaldan azad edilən rayon və şəhərlərimizə qayıdan insanlarımız 30 ildən sonra öz doğma yurd-yuvasında Milli Məclisə seçkilər üçün səs verəcək. Bu böyük xoşbəxtlik olmaqla yanaşı, həm də qüruruvericidir. İnanıram ki, ölkəmiz, xalqımız daha gözəl, daha işıqlı günlər yaşayacaq. Bu gün Qarabağda formalaşdırılan yeni infrastruktur göz oxşayır. Xüsusilə bu il ilk qəbulunu edən Qarabağ Universiteti bizim qələbəmizin əsas simvollarından birinə çevrilib”, - deyə kafedra müdiri əlavə edib.