Artıq bir müddətdir ki, abituriyentlərin ixtisas seçimi prosesi başlayıb.

Mia.az xəbər verir ki, tələbə adını qazanmaq istəyənlər müvafiq 5 ixtisas qrupu üzrə özlərinə və topladıqları ballara uyğun ixtisasları kodlaşdırırlar.

Ötən ilə nisbətən, bu il bir sıra ixtisasların keçid balında stabillik müşahidə olunur. Lakin son günlər yayılan xəbərlərə əsasən, abituriyentlər tərəfindən yüksək tələb görən pedaqoji ixtisasların balı xeyli arta bilər. Bir çox abituriyent və valideynlər bu iddialardan narahatdır.

Bəs görəsən, müəllimlik ixtisaslarının balında artım gözlənilirmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan təhsil məsələləri üzrə ekspert Elşən Qafarov bildirib ki, hazırda pedaqoji ixtisaslar iş arealı ən geniş olan peşələr sırasındadır:

“Bildiyiniz kimi, son illər aparılan islahatlar və eyni zamanda müəllim peşəsinin stabil olması bu sahəyə olan marağı artırıb. Hazırda gənclər pedaqoji sahəni daha çox seçirlər. Bu birinci növbədə pedaqoji sahədə iş tapmağın digər peşələrə nisbətdə daha asan olması ilə bağlıdır. Hər il Elm və Təhsil Nazirliyi ölkə üzrə təqribən 10 minə yaxın vakant yer çıxarır”.

Ekspertin fikrincə, ötən illərdə olduğu kimi, bu il də pedaqoji ixtisasların keçid balın yüksələcək:

“Digər tərəfdən, bu gün ölkədə işləyən hər 10 müəllimdən ən az 6-7-si repetitorluqla məşğul olur. Bu isə onlara əlavə qazanc gətirir. Bu baxımdan pedaqoji sahələrə maraq çoxdur. Təbii olaraq, bu öz növbəsində rəqabət mühitini gücləndirir. Nəticə etibarı ilə pedaqoji sahədə olan ixtisaslarda bal artımı müşahidə olunur. Düşünürəm ki, ötən illərdə olduğu kimi, bu il də həmin ixtisasların balı artacaq”.