Nizami rayonu, Əli Vəliyev küçəsi, bina 5 ünvanda yaşayan yüzlərlə vətəndaşın təhlükəsizliyinə təhdid yaradan  bir liftin məsuliyyətini boynuna alan bir dövlət qurumu yoxdur.

Yeni qohum olduğumuz ailə Nizami rayonu, Əli Vəliyev küçəsi, bina 5 ünvanda 7-ci mərtəbədə yaşayır. Bina təxminən ötən əsrin 70-ci illərində tikilib və Müdafiə Nazirliyinin balansındadır. Binanın bu günkü sakinlərininin isə indi Müdafiə Nazirliyi ilə heç bir əlaqəsi yoxdur. Vaxtilə burda yaşamış hərbçilər mənzillərini mülki şəxslərə satıblar. Və indi həmin binanın liftləri qəza durumundadır!

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının qanununa əsasən bütün növ liftlər (istər yük lifti olsun istərsə də sərnişin lifti) təhükə potensiallı obyekt kimi FHN-nin Sənayedə İşlərin Təhlükəsiz görülməsi və Dağ-Mədən Nəzarəti (SİTGDMN) Dövlət Agentliyinin qeydiyyatındadır, üstəlik, bilavasitə ciddi nəzarəti altında istismar edilə bilər. Bu qurğulara xidmət “Liftlərin təmiri və  təhlükəsiz istismarı haqqında qaydalar” ilə tənzimlənir.

Qaydalara əsasən, liftlərin təmiri ilə yalnız və yalnız ixtisaslaşmış xüsusi təşkilatlar məşğul olmalıdır. Həmin qurğular ildə bir dəfə və bütün təmir işlərində sonra tam texniki sınaqdan keçməlidir. Haqqında danışılan qaydaların düzgün yerinə yetirilməsinə isə bilavasitə liftin sahibi cavabdehlik daşıyır. İndiki halda qaydaların yerinə yetirilməsinə nəzarət FHN-nin SİTGDMN Dövlət Agentliyindədir. Liftlərin cari təmirini həyata keçirməli olan isə Bakı Şəhər İcra Hakimiyyətinin “Lifttəmir” İstehsalat Birliyidir. Lakin adı çəkilən qurum məlum binanın yerləşdiyi ünvanı eşidən kimi sözümüzü ağzımızda qoyur: "Bina Müdafiə Nazirliyinin balansındadır, bizlik deyil!" Müdafiə Nazirliyi isə deyir ki, "orda hərbçi qalıb ki?" Adamdan soruşarlar: cənablar, orda hərbçi yoxdursa, bu binanı Müdafiə Nazirliyini balansında niyə saxlayırsınız? Binanın günahsız sakinləri ilə düşmənçiliyiniz nədir? Binanı çıxardın o xeyirsiz balansınızdan, imkan verin insanlar başının çarəsini tapsınlar! 
Bina sakinləri 31 nəfərin imzası ilə Fövqəladə Hallar naziri Kamaləddin Heydərova, Müdafiə naziri Zakir Həsənova müraciərt etsələr də heç bir reaksiya yoxdur! FHN-nin qaynar xəttinə şəxsən özüm məlumat vermişəm. Müraciətim qeydiyyata da alınıb! Lakin nəticə sıfır! İnsanlar məcbur olub ölkə başçısına müraciət ediblər. 
70 ailənin gözləyən faciə ilə bağlı binanın 15-20 metrlik qonşuluğunda yerləşən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatına da məlumat verilib, kömək istənilib. Təşkilatın sədri Ramil Vəlibəyov sağ olsun, sakinlərin probleminə bir qədər isti yanaşıb, canıyananlıq göstərib. Görək, bu müraciətin sonu nə ilə nəticələnəcək....

Bir-iki gün əvvəl kimlərsə gəlib liftin kir-pasağına bir az əl gəzdirib gediblər. Kimdir bu insanlar? Hansı idarədən gəliblər? Məlum deyil. Həmin naməlum adamların bu cür gözdən pərdə asan “təmir” işləri sakinləri arxayın sala, nəticədə əsas problemi həll olunmamış qalan liftlərdə hər an faciə baş verə bilər.

Lift şaxta boyunca hərəkət etdikdə qapılar yarımçıq bağlanır. Bir dəfə mən özüm liftə ayaq qoymaq istəyəndə qapılar açıq vəziyyətdə lift getdi. Soyuq tər basdı məni! O gündən qızıma və kürəkənimə tapşırdım ki, liftdən istifadə etməsinlər. Bunlar cavandırlar, birtəhər 7-ci mərtəbəyə qalxıb-düşürlər. Bəs 8-ci, 9-cu mərtəbədə yaşayan yaşlı, xəstə, əli uşaqlı sakinlər neynəsin?!

Və nəhayət: doğrudanmı, potensial faciə ilə üz-üzə qalan 70 ailənin səsini eşidən bir qurum tapılmayacaq? 

Allahyar Eyyuboğlu

Mia.az