Ali Məhkəmədə “Azərişıq” ASC-in Quba Elektrik Şəbəkəsinin baş mühəndisi Kamran Babayevin barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
Məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya protesti və kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, 2020-ci il dekabrın 26-da Quba rayonunda yerləşən ticarət obyektində yanğın qeydə alınıb. Məhkəmə Ekspertizası Mərkəzinin digər rəyinə görə, yanğın nəticəsində sahibkar Mövlud Əliyevə 75 935 manat ziyan dəyib. FHN istintaqı yekunda bu qərara gəlib ki, “Azərişıq” ASC-in Quba Elektrik Şəbəkəsinin vəzifəli şəxslərinin səhlənkarlığından, yəni xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmələrinə görə yanğın baş verib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra “Azərişıq” ASC-in Quba Elektrik Şəbəkəsinin baş mühəndisi Kamran Babayev cinayət məsuliyyətinə cəlb edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxsin bəraət verilməsinə dair Quba Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü ləğv edilib. Kamran Babayevin Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə təqsirli bilinib və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün ona cəza təyin edilməyib(Pravda).