Elxan ŞAHİNOĞLU

***

Ukrayna ordusu Rusiya ərazisinə əks həmlə həyata keçirməklə Kremli şoka salıb. Sadə məntiq belədir: Sən mənim evimə soxuldun, ərazilərimi işğal etdin, vətəndaşlarımı öldürdün, mən də Sənin evinə soxulacam.

Rusiya ordusu aylardır Xarkov ətrafında ilişib qalıb. Rusiya ordusunun cəmi bir neçə kilometr irəliləməsi minlərlə hərbçisinin ölümünə səbəb olur. Rusiya ordusu bir neçə ay ərzində keçmiş SSRİ-nin Əfqanıstanın 10 illik işğalı zamanı ölən hərbçisindən çox itki verib.

Zeynal Əmrəliyev Şimali Osetiya əhalisinin yerli icmalar vasitəsi narazılığı barədə maraqlı status yazıb. İcmalar Kreml sahibi Vladimir Putinə müraciət ediblər ki, osetinləri Ukraynadakı müharibəyə göndərməsin. Çünki onsuz da sayı çox olmayan osetin xalqı gənclərini müharibədə kütləvi şəkildə itirir. Zeynalın yazdığına görə, Vladiqafqazda hər yan qəbirstanlıqdır, osetinlər yox olmaq təhlükəsizylə üz-üzədir.

Eyni təhlükə Rusiyada yaşayan tatarları, başqırdları, dağıstanlıları və digər xalqları gözləyir. Putin 10 il əvvəl Krımı ilqah etməklə və Donbass separatçılarına dəstək verməklə ölkəsini və xalqını dərin böhrana sürükləyib.

Rusiya Krımı ilhaq edəndə, müharibənin ilk illərində Ukrayna ərazilərini işğal etməyə başladıqda rusların əksəriyyətində eyforiya var idi.

Müharibənin üçüncü ilində bu eyforiyadan əsər-əlaməti qalmayıb, çünki müharibə Rusiya ərazisinə keçib. Rusiya İkinci Dünya müharibəsindən sonra ərazi itirməmişdi, hazırda Kursk ətrafında gedən döyüşlər ruslarda soyuq duş effekti yaradıb. Müharibədə yüzminlərlə rusiyalı və ukraynalı həlak olub və həlak olmaqda davam edəcək. Rusiyanın insani və maliyyə resursları əbədi deyil.

MİA.AZ