Ordubadda rayon icra başçısı ilə mübahisə zamanı fermer Müslim İbrahimov özünü bıçaqlamaqla intihara cəhd edib.

Fermeri intihar həddinə gətirib çıxaran isə, mübahisə zamanı icra başçısının onu ağır söyüşlərlə təhqir etməsi olub. Ordubad şəhərindəki küçələrin birində baş verən hadisə qarpız satmaq üstündə baş verib.

Bu haqda “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat veriblər.

Başçının təhqirlərinə dözə bilməyən fermer qarpız kəsmək üçün istifadə etdiyi bıçaqla bir neçə dəfə öz başına xəsarət yetirib. Bıçağı güclü zərbə ilə ürəyinə soxmaq istədikdə, yerli sakinlərdən biri cəld tərpənərək, bunun qarşısını alıb. Xəstəxanaya çatdırılan fermerin həyatını xilas etmək mümkün olub.

Sakinlər bildirirlər ki, avqustujn 2-də Müslim İbrahimov da daxil olmaqla Babək rayonundan olan bir neçə fermer öz yetişdirdikləri qarpızları satmaq üçün Ordubad şəhərinə gətiriblər. Lakin, icra başçısının "hesabını" çatdırmadıqları üçün polislər onları şəhərdən qovmağa çalışıblar.

Fermerlər isə, hər dəfə yerlərini dəyişərək, satışa davam ediblər. İşi belə görən icra başçısı məsələni kökündən həll etmək üçün özü işə qarışıb:

"Babəkli fermerlərin hamısı sakit adamlardır. Qarpızı, yemişi də daha ucuz qiymətə satırlar, həm də onların məhsulu daha dadlıdır. Şəhər sakinləri həmişə gözləyirlər ki, onlar gəlsin, sonra qarpız alsınlar. Başçı Rəcəb Rəhmlinin isə, onları gözü götürmür, həmişə qovdurur şəhərdən. Bu dəfə isə, özü gəlib, onlardan şəhəri tərk etməyi, bir də buralara gəlməməyi tələb etdi. Fermerlər isə, haqlı olaraq, bunun qanunsuz olduğunu dedikdə, aralarında mübahisə yarandı. Mübahisə zamanı başçı onları ağır söyüşlərlə təhqir etdi. Təhqirə dözməyən Müslim qarpız kəsmək üçün olan bıçağı götürüb, bir neçə dəfə başına sancdı. Sonra onu ürəyinə soxmaq istəyəndə Qulu adlı şəhər sakini onun qolundan tutdu. Qulu bir saniyə geciksəydi, o indi həyatda yox idi“.

Sakinlər deyirlər ki, icra başçısı hadisənin kənara çıxmaması üçün oradakı şahidləri təhdid edib, məsələni ört-basdır etmək üçün Ordubad çəhər Xəstəxanasına təzyiq göstərib: “Bizə dedi ki, bu söhbəti burdan kənara çıxaran olsa, tapıb, cəzalandıracaq. Xəstəxanaya da təzyiq göstərib ki, hadisəni bədbəxt hadisə kimi qeydə alsınlar. Müslim İbrahimova da yaxınları vasitəsi ilə təzyiq göstərib, susudurmağa çalışıb. Bizim vicdanımız qəbul etmədi ki, belə bir hadisə ört-basdır olsun. Ona görə də, sizə məlumat verməyi özümüzə borc bildik”.

İyulun 26-da Babək rayon Nehrəm qəsəbəsindən olan bir qrup fermer “Gündəlik Naxçıvan”a müraciə edərək, onlara Ordubad qarpız satmağın qadağan olnduğu ilə bağlı videomüraciət ünvanlamışdılr. Müraciət edənlərdən biri də Müslim İbrahimov idi.