Zülfiyyə MUSTAFAYEVA
***
Qadın olmaq çətindi.
Bütün zamanlarda çətin olub. İndi lap pisdi. Bir az işin, pulun, karyeran, maşının, hətta evin varsa, deyəcəklər ki, "görəsən, bunu kim saxlayır?".
Bizim uğurlarımıza da inananlar azalır get -gedə. Göz önündə, iki vur iki kimi olan qalibiyyətimizə dodaq büzüb, don geyindurməyə çalışırlar. O qədər eşitmişəm ki, arxamca danışanları: "Adamı var yuxarılarda".
Ey bəni-insanlar, bu yazıları mən yazıram, mənim üslubum, mənim qələmim. Kim əlimdən tutub əvəzimə yazır ki?
Bu günlərdə utanıb yerə girmişəm. Heç özümə bağışlaya bilmirəm ki, necə oldu, qaragüruhun, siyasi işbazların qara piarına aldanıb öz ideya və prinsiplərimə dönük çıxdım? Bir qadına yaxılan böhtana mənəvi şərik oldum? Bir qadının uğuruna atılan çamuru vaxtında hiss edə bilmədim?
Lənətə gəlsin siyasi oyunbazlığı. İdmanda gözəllik qoymadılar. Halbuki idman həqiqətən güc yox, gözəllik olmalıdı.
Əlcəzairli boksçu qadın İmana Xalif neçə gündü, gözümün önündən getmir. Deyirlər, onu finalda qəsdən uduzdurublar. Təzyiq ediblər qıza. Qara piara işləyiblər o boyda Olimpiada düzəldənlər.
İmana kimdi ki? Kasıb, çoxuşaqlı ailənin qızı. Əlinin qabarı, dişi, dırnağıyla özünə yaxşı həyat qurmağa, ailəsini kasıbçılıqdan qurtarmağa çalışan biri. Boks kimi ağır idman növündə öz gücünə uğur əldə etməkçün zamanla kişiləşən bir qadın. Azmı belə qadınlar var indiki zəmanədə?
Bir baxaq ətrafımıza, həm kişiyəm, həm qadın, - deyərək, qadınlığını unudub çoxu. İmananın kişisayagı xarici görünüşünə "transgender" damgası vuraraq onu əzən, təhqir edən siyasi spekulyatorlarla həmfikir olduğum üçün çox danlayıram özümü indi.
İmana ona "transgender" deyənləri Allahına tapşırdı son müsahibəsində. Yerə girdim.
Amma vallah, camaatı da qınamaq olmur. İndi bu cinsiyyət dəyişiklikləri, eynicinsli münasibətlər, - deyə o qədər özümüzü alışdırmışıq ki, kişi kimi döyüşən İmananın da əslində qadın olduğunu beynimiz qəbul etməmişdi.
Lənətə gəlsin bu oyunu quranlar.
Məni bağışla, İmana...
MIA.AZ