Seymur VERDİZADƏ
****
İdeologiya güclü silahdır. Sovet ideoloqları fəhlə-kəndli sinfini inandırmışdı ki, hökumət onlarındır. Sovet insanı düz 70 il bu sözün sehrinə qapılıb, gecə-gündüz işlədi.
Əslində, onu nəinki hökumətə, heç hökumətin qapısına da yaxın qoymurdular. Fəhlə-kəndli sinfinin vəzifəsi gecə-gündüz işləmək, bolluq yaratmaq idi. Şura hökumətinin cəfasını sadə insanlar çəkirdi, səfasını vəzifədə işləyənlər görürdü.
İndi olduğu kimi... aptek depo
Sözə bax, ha! - "Əmək insanı ucaldır!"
Sovet hökuməti dağılanda uşaq deyildim, orta məktəbin 11-ci sinfində oxuyurdum. Amma o vaxta kimi, əməyin ucaltdığı adam görmədim. Şəhərdə zavod və fabrikdə, kənddə tarlada işləyənlərin yaşı 40-ı ötən kimi qəddi əyilir, beli bükülürdü. Əmək insanı ucaltmırdı, qocaldırdı.
İndi olduğu kimi...
Bir müddət əvvəl də yazmışdım. Təxminən 15 il əvvəl cəmi 15 gün ABŞ-da səfərdə olan həmkarım düz 25 gün təəssüratlarını bizimlə bölüşdü. Onu ən çox heyrətləndirən 83 yaşlı nənənin gecə 12-də gözünü qırpmadan maşın idarə etməsi idi. Hər dəfə qarşılaşanda eyni sözləri deyirdi: "Zalımın qızı 15 gündə bir dəfə eynək taxmadı. Sanki onun 43, mənim 83 yaşım vardı".
Siz Azərbaycanda 83 yaşlı neçə qadın sürücü tanıyırsınız? Nə vaxtsa belə xoşbəxt adamla qarşılaşmısınız? Ehtiyac və stress üzündən bizim ölkədə 60-ı keçən kimi insanların qəddi əyilir, əlləri əsir, gözləri tor görməyə başlayır. Azərbaycanda 83 yaşlı adam nəinki maşın sürə bilmir, heç sərbəst şəkildə maşına minməyi də bacarmır. Gərək kimsə qucağına alıb, arxa oturacağa əyləşdirsin. Yaşı 70-i keçənləri az qala borclu çıxarırlar ki, niyə ölmürsən?
Tələbə yoldaşlarımızdan birinin babasının 80 yaşı vardı. Hər dəfə görüşəndə uşaqlar deyirdilər ki, 10 ildir o biri dünyada babana "qayıb" qoyurlar.
Söhbətə uzaqdan başlamağıma baxmayın, üzərində dayanacağımız hadisə yaxın günlərdə baş verib. Pulun sayəsində ağ günə çıxan, “ağ adam” olan türkiyəli iş adamı Rahmi Koçu yəqin ki, tanıyırsınız. Türkiyədə sosial media 94 yaşlı Koçun ötən yayılan gün video-görüntüləri ilə çalxalanır. Hadisə milyarderin Mayamidəki villasında vaqe olub. 94 yaşlı Koç 3-4 il əvvəl dən düşmüş saçlarındakı ağ tüklərə əhəmiyyət verməyərək, nəvəsi, üzr istəyirəm, nəticəsi yaşda olan çılpaq qızlarla rəqs edir. Sağında 1 pəri, solunda 2 pəri... Koç isə biraz aralıda dayanan qıza üzünü tutub deyir: “Gəl bəri...”
Bir müddət əvvəl türkiyəli pop-star Ajda Pekkanın sinif yoldaşı ilə şəkli yayılmışdı. Əminəm ki, çoxlarınız həmin fotonu görüb. 78 yaşı olmasına rəğmən, Ajdanı ən pis halda o qarının qızı saymaq olardı. Sanki sinif yoldaşı deyil, ana-bala oturub şəkil çəkdirmişdilər.
Ajda Pekkanı ağır əməkdən uzaq qalmağı, firavan həyat yaşamağı belə cavan saxlayıb. Əgər o da bizim zəhmətkeş ana-bacılarımız kimi 40 dərəcədə istidə ketman vurub çiyələk yığsaydı və bunun müqabilində qəpuk-quruş alsaydı, indiki şuxluğundan əsər-əlamət qalmazdı.
İnsanı təkcə əmək qocaltmır, həm də əməyini qiymətləndirməmək qocaldır...