Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində güzəştlər tətbiq olunacaq. İki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığa dair sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlar hər iki ölkə tərəfindən yerinə yetirildikdən sonra bununla bağlı müvafiq məlumat veriləcək.
Mia.az-ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ötən ay Ankarada miqrasiya sahəsində əməkdaşlığa dair Türkiyə ilə Azərbaycan hökumətləri arasında imzalanan Sazişin açıq mətni və sazişə əsasən, Azərbaycan vətəndaşlarının Türkiyədə müvəqqəti yaşamaq icazəsi ilə bağlı hansı güzəşt və imtiyazların tətbiq olunacağına aid məlumat istənilib.
Cavabda qeyd olunub ki, Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyətinin 6-7 iyun 2024-cü il tarixlərində Türkiyəyə səfəri çərçivəsində miqrasiya sahəsində əməkdaşlığa dair hökumətlərarası Saziş imzalandığı qeyd olunub.
Bildirilib ki, səfər çərçivəsində Azərbaycan Respublikasının nümayəndə heyəti ilə Türkiyə Respublikasının nümayəndə heyətləri arasında geniş tərkibdə görüşlər keçirilib:
"Miqrasiya sahəsində işçi əlaqələrin gücləndirilməsi və iki ölkənin vətəndaşlarının bu sahədə üzləşdiyi çətinliklərin operativ həllinə öz töhfəsini vermək məqsədi daşıyan görüşlərdə iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığın hüquqi bazasının genişləndirilməsi, bu sahədə məlumat və təcrübə mübadiləsi, habelə yeni birgə fəaliyyətlərin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb. Bundan əlavə, iki ölkə arasında miqrasiya proseslərinin tənzimlənməsinin əsas istiqamətləri barədə geniş fikir mübadiləsinin aparıldığı görüşlərdə hər iki dövlətin vətəndaşlarının müxtəlif məqsədlərlə yaşamalarının, əmək fəaliyyəti ilə məşğul olmalarının sadələşdirilməsi ilə bağlı atıla biləcək mümkün addımlar ətraflı müzakirə edilib.
Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”in imzalanma mərasimi keçirilib. Sazişin əsas məqsədi miqrasiya sahəsində hər iki dövlətin müvafiq qurumları arasında birbaşa əlaqələrin qurulması, bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi, habelə vətəndaşlarımızın qarşılıqlı səfərləri, yaşamaları, eləcə də əmək fəaliyyəti də daxil olmaqla miqrasiya idarəçiliyi ilə bağlı təcrübə və məlumat mübadiləsinin genişləndirilməsinə imkan yaratmaqdır. Sazişi Azərbaycan Respublikası Hökuməti adından Vüsal Hüseynov, Türkiyə Respublikası Hökuməti adından isə Atilla Toros imzalayıb. Sözügedən Saziş Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2024-cü il tarixli Fərmanı ilə təsdiq edilib. Sazişin mətni onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlar hər iki ölkə tərəfindən yerinə yetirildikdən sonra müvafiq internet resurslarında (məs. e-qanun.az) dərc olunacaq”.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul üzrə deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım “Report”un Ankara bürosuna açıqlamasında Azərbaycan və Türkiyə vətəndaşları arasında qarşılıqlı gediş-gəlişin daha da sadələşdirilməsi istiqamətində müsbət addımlar atıldığını bildirib.
Deputat deyib ki, miqrasiya sahəsində əməkdaşlığa dair imzalanan sözügedən sazişdən sonra azərbaycanlı tələbələrin Türkiyədə müvəqqəti yaşayış icazəsinə aid sətrlərdə bəzi güzəştlərin tətbiqinə başlanıb. Onun sözlərinə görə, sözügedən Saziş qüvvəyə mindikdən sonra Türkiyədə ali təhsil müəssisələrinin müxtəlif pillələrində - bakalavr, magistratura, doktoranturada təhsil alan azərbaycanlı tələbələrə nəzərdə tutulan təhsil ili qədər yaşamaq icazəsi (iqamət izni) veriləcək: "Ancaq bu şərtlə ki, Azərbaycan vətəndaşlığı pasportunun da etibarlılıq müddəti həmin tədris illərini əhatə etsin. Məsələn, əgər tələbə Türkiyədə bakalavr təhsilini 2024-cü tədris ilində qazanıbsa, birdəfəlik 4 il yaşamaq izni almaq üçün pasportundakı etibarlılıq müddəti də ən geci 2029-cu ildə bitməlidir".