Nabranda, Xəzər dənizinin sahillərində tikilmiş “Atlant” İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun həbsi tələb olunur.

Bu haqda Musavat.com-a daxil olan məlumatda deyilir ki, Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev hazırda həbsdədir.

O, 171 Azərbaycan vətəndaşına qarşı dələduzluqda ittiham olunur. Bildirilir ki, Nofəl Hacıyev “Təbriz” MTK-nın inşa etdiyi binalardan mənzilləri satsa da, sonradan mənzillər sahiblərinə verilməyib.

Mənzillərinə sahib çıxa bilməyən vətəndaşlar hüquq mühafizə orqanlarına müraciət ediblər. Bundan sonra Nofəl Hacıyev saxlanılıb. Aparılan istintaqla onun ümumilkdə 171 vətəndaşdan 14 milyon manatdan artıq pul aldığı, lakin mənzilləri onlara təqdim etmədiyi məlum olub. İsitntaq zamanı Nofəl Hacıyev vətəndaşladan toplanılan 14 milyon manatın harada olması ilə bağlı suala cavab verməyib. Zərərçəkənlər isə “Atlant” İstirahət Mərkəzinin 40 faizinə şərik olan Nofəl Hacıyevin pulu qaynatası Tahir Qədəşovla birgə ələ keçirdiklərini iddia ediblər. Musavat.com-a daxil olan məlumatda deyilir ki, hazırda iş üzrə məhkəmə prosesi keçirilir. Prosesdə zərərçəkənlər Nofəl Hacıyevlə yanaşı Tahir Qədəşovun da həbsini tələb edirlər.

Nofəl Hacıyevin məhkəmədə verdiyi ifadəsində vətəndaşlardan aldığı 14 milyon manatdan artıq vəsaiti “Atlant” istirahət mərkəzində təmir-tikinti işlərinə yönəltdiyini deyib. Bildirib ki, “Atlant”ın genişləndirilməsi ilə bağlı şəriki olan qaynatasının təkidi ilə “Təbriz” MTK-da vətəndaşlardan toplanan vəsaitləri istirahət mərkəzinə yönəldib.

Qeyd edək ki, “Atlant” İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İldən-ilə istirahət mərkəzinin ərazisi genişləndirilib. Mənzərəli meşə, gözəl dəniz sahilində yerləşən İstirahət Mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın kotteci, gecə klubu, stolüstü tenis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, camaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və s var. “Atlant” istirahət mərkəzi maksimum xidmət göstərən böyük bir kompleksdir. Müstəqil qiymətləndiricilər “Atlant”ı hazırki bazar qiymətləri ilə 80-100 milyon manat dəyərlədirirlər.