İsrail hökuməti Livan ərazisində geniş miqyaslı birbaşa hücumun anonsunu verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Oren Marmorstein brifinqdə söz açıb.

O, jurnalistlərin suallarına cavabda deyib ki, genişmiqyaslı müharibənin qarşısını almaq üçün "Hizbullah" BMT-nin 1701 saylı qətnaməsini dərhal yerinə yetirməyə məcbur edilməlidir: "Bunu indi diplomatik yolla həll etmək üçün son dəqiqədir".

XİN sözçüsü iki gün əvvəl Colan Təpələrindəki Majdel Şams qəsəbəsindəki futbol meydançasına "Hizbullah"ln raket atdığını təkrarlayıb: "Hücumda İran raketindən istifadə edilib. Bu rfaket "Hizbullah"ın arsenalında var. Şənbə günü futbol meydançasında törədilən qırğın Hizbullahın bütün qırmızı xətləri keçdiyini təsdiqləyir. İsrail özünümüdafiə hüququ və vəzifəsini yerinə yetirəcək və bunun əvəzini çox ağır ödədəcək".

O, İran İnqilabı Keşikçiləri Korpusu və Hizbullahın terror təşkilatı elan edilməsinin vacibliyini bir daha qabardıb.

Qeyd edək ki, Hizbullah və Livan hökuməti futbol meydançasına onlar tərəfindən, hətta Livan ərazisindən raket atılması iddiasını israrla rədd edir.

Xatırladaq ki, iki gün əvvəl futbol meydançasına düşən raket nəticəsində aralarında uşaqların da olduğu 12 nəfər ölüb, 35 nəfər yaralanıb.

Tahir Şəlvəli

MİA.AZ