Ermənilər 1864-cü ildə özlərinin milli konstitusiyasını, 1885-1891-ci illərdə isə Qnçaq və Daşnaqsütyun terrorçu partiyalarını yaradandan sonra sərsəmliklə “tarix meydanına” atıldılar. Bu terrorçular “Böyük Ermənistan dövləti” yaratmaq xülyası ilə mürtəce bir proqram hazırladılar. Məqsədləri də əsasən Azərbaycan, qismən də digər qonşu ölkələrin torpaqlarını zəbt etmək idi. Onlar bu namərd planlarını həyata keçirmək üçün Azərbaycan xalqının arxeoloji, tarixi, memarlıq abidələrinin nümunələrini və digər maddi-mədəniyyət abidələrini, nəyin bahasına olursa olsun, talan etmək, saxtalaşdırmaq yolunu seçdilər.

Son vaxtlar işğal altında olan torpaqlarımızda - Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ ərazisində “tədqiqat” adı ilə ağlasığmaz vəhşiliklər törədir, qədim abidələrimizi talan edir, uçurdur, tariximizi öz adlarına saxtalaşdırmağa cəhd edirdilər...

Dünyanın arxeoloq alimləri əsl həqiqəti bilirlər. Erməni “tədqiqatçıları” niyə ürək bulandırırlar? Tarixi bilmirlərsə, bu ayıb deyil, öyrənsinlər. Saxtakarlıqla nəyə nail olmaq istəyirlər?! Gəlin faktlarla danışaq.

Qarabağ Azərbaycanın tarixi ərazisidir. Bu diyar dağlıq və aran hissələrdən ibarət olub, əsasən Kiçik Qafqazın cənub-şərq hissəsində yerləşir.

Azərbaycan alimlərinin Qarabağ ərazisində apardıqları kompleks arxeoloji tədqiqatlar nəticəsində məlum olub ki, hələ 2 milyon il bundan əvvəllərdən başlayaraq Qarabağın Quruçay və Köndələnçay vadilərində ibtidai insanların məskunlaşması üçün əlverişli təbii coğrafi şərait var idi. 1960-cı ildə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun paleolit arxeoloji ekspedisiyası Məmmədəli Hüseynovun rəhbərliyi altında Qarabağın Quruçay və Köndələnçay vadilərində apardığı kəşfiyyat işləri nəticəsində dünya şöhrətli Azıx və Tağlar paleolit düşərgələrini aşkar edib.

Paleolit arxeoloji ekspedisiyası 1960-1986-cı illərin iyun-iyul aylarında Azıx qədim insan düşərgəsində apardığı arxeoloji qazıntılar zamanı Azıx paleolit düşərgəsinin I-II təbəqələrindən eneolit, tunc, III təbəqəsindən mustye, V təbəqədən orta aşel, VI təbəqədən qədim aşel, VII-X təbəqələrdən isə Quruçay mədəniyyətinə aid zəngin maddi mədəniyyət nümunələri tapılıb. Düşərgənin çöküntülərindən 7 mindən artıq daş məmulatı və 700 mindən çox ovlanmış heyvanların sümük məmulatı qeydə alınıb.

Aparılan elmi araşdırmalar zamanı düşərgənin VII-X təbəqələrindən tapılmış maddi mədəniyyət qalıqlarının özünəməxsus cəhətləri və əmək alətlərinin texniki-tipoloji xüsusiyyətləri nəzərə alınıb, ona Quruçay arxeoloji mədəniyyəti adı verilib. İlkin mərhələdə əmək alətləri olduqca kobud və bəsit hazırlandığı halda, sonrakı inkişaf mərhələlərində onların hazırlanma texnikası təkmilləşib və yeni alətlər hazırlamağa başlayıblar. Eyni zamanda aparılan elmi tədqiqatlar zamanı müəyyən olunub ki, Azıx qədim insan düşərgəsinin VII-X təbəqələrindən aşkar olunmuş Quruçay mədəniyyətinin əmək alətləri Şərqi Afrikanın Olduvay mədəniyyəti kompleksi ilə yaxınlıq təşkil edir.

Müəyyən olunub ki, Azıx qədim insan düşərgəsində Quruçay arxeoloji mədəniyyəti qədim – aşel mədəniyyəti ilə əvəz edilib. 1968-ci ildə Azıx düşərgəsinin orta aşel təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı əmək alətləri ilə birlikdə qədim insana məxsus çənə tapılıb. Həmin çənə quruluşundakı spesifik cəhətlərə əsasən bir tərəfdən pitikantroplara, xüsusilə Mauer (Almaniya) adamı çənəsinə yaxınlığı ilə, digər tərəfdən də bir çox cəhətlərinə görə Fransanın Kondel-Araqo düşərgəsinin aşel təbəqəsindən tapılmış preneandertallara daha yaxındır.

Azıx paleolit düşərgəsindən aşkar olunmuş çənə keçmiş SSRİ-də və Qafqazda ən qədim insan çənəsi olub, 30-35 yaşlı qadına məxsusdur və bu qadın 350-400 min il bundan əvvəl Azərbaycan ərazisində yaşayıb.

Qarabağ ərazisində mustye mədəniyyətinə aid ən zəngin arxeoloji abidə Tağlar mağara düşərgəsi hesab olunur. Burada 1963-1986-cı illərdə kompleks arxeoloji qazıntı işləri aparılıb. Düşərgənin çöküntülərindən 7 mindən artıq daş məmulatı və 100 minlərlə ovlanmış heyvan sümüklərinin qalıqları tapılıb.

Yaxın Şərq və Qafqaz ərazisində Tağlar mustye düşərgəsi yeganə abidədir ki, burada əmək alətlərinin uzunmüddətli inkişafını və yeni-yeni əmək alətlərinin meydana gəlmə xüsusiyyətlərini öyrənmək və tədqiq etmək olur. Eyni zamanda Tağlar düşərgəsində aparılan arxeoloji tədqiqatlar respublikamızın ərazisində mustye mədəniyyətinin özünəməxsusluğunu arxeoloji faktlarla sübuta yetirib.

Əgər Azıx paleolit düşərgəsi Azərbaycan ərazisində ibtidai insanların uzun müddət yaşadıqlarını göstərdisə, Tağlar mustye düşərgəsindəki tədqiqatlar neandertal tipli adamların inkişaf edib, müasir insanların ulu əcdadlarının bu ərazidə meydana gəlməsini elmi əsaslarla sübuta yetirdi. Azərbaycan arxeoloqlarından M.M.Hüsyenov, Ə.Q.Cəfərov, İ.H.Nərimanov, Q.Ş.İsmayılov, R.B.Göyüşov, H.F.Cəfərov və başqalarının Qarabağ ərazisində apardıqları tədqiqat işləri nəticəsində bəşəriyyətin keçdiyi müxtəlif inkişaf mərhələlərinə aid zəngin arxeoloji abidələr qeydə alınıb və həmin düşərgələrdə kompleks arxeoloji qazıntı işləri aparılıb.

Hazırda Qarabağ ərazisində Azıx, Tağlar, Şuşa, Kəlbəcər ərazisində Zar və Orta Şurtan paleolit düşərgələri ilə yanaşı neolit, eneolit və tunc dövrlərinin Qaraköpəktəpə, Günəştəpə, Meynətəpə, Tuğtəpə, Kültəpə, Leylatəpə, Üzərliktəpə kimi bir sıra nadir və çoxtəbəqəli yaşayış düşərgələri aşkar olunub. Son 50 ildə Azərbaycan alimlərinin Qarabağ ərazisində apardıqları arxeoloji, etnoqrafik, epiqrafik, paleocoğrafi, paleontoloji və paleoantropoloji tədqiqatlar ən qədim zamanlardan – Quruçay arxeoloji mədəniyyətindən başlamış xalqımızın bu torpaqlarda yaşadığını, zəngin maddi və mənəvi mədəniyyət yaratdıqlarını elmi əsaslarla sübuta yetirmiş və tarixi saxtalaşdırmağa cəhd edən erməni “alimlərinin” iddialarının əsassız olduğunu göstərir.

Qarabağ ərazisində Azərbaycan arxeoloqlarının apardıqları elmi tədqiqatlar zamanı tapılmış maddi mədəniyyət qalıqları beynəlxalq elmi konfranslarda geniş şərh olunub. Azıx və Tağlar paleolit düşərgələrindən tapılmış maddi mədəniyyət qalıqlarının nümunələri 1981-1982-ci illərdə Parisin “İnsan” muzeyində nümayiş etdirilib və “Avropanın ilk sakinləri” adlı əsərdə həmin düşərgələr haqqında geniş məlumat verilib. 1984-cü ildə Yan Yelinexin Çexoslovakiyada çap olunan antropologiya jurnalında Azıxdan aşkar olunmuş maddi mədəniyyət qalıqları haqqında geniş məqalə çap edilib. 1998-ci ildə Fransanın dünya şöhrətli professoru Anri-dö Lümley “İlk insanlar” adlı kitabında Azıx düşərgəsindən tapılmış qədim insan çənəsi haqqında geniş məlumat verib və onun dünya arxeologiyasında yüksək yer tutduğunu qeyd edib.

Azərbaycan arxeoloqlarının Qarabağda apardıqları elmi tədqiqat işlərinə beynəlxalq elmi ictimaiyyət yüksək qiymət verib. Fransa, Rusiya, Almaniya, İspaniya, Amerika, İtaliya, Gürcüstan, Ukrayna və digər ölkələrin alimləri son 40 ildə dəfələrlə Azərbaycana gələrək Qarabağın arxeoloji abidələrindən tapılmış maddi mədəniyyət qalıqları ilə yaxından tanış olub və həmin maddi mədəniyyət qalıqlarının Azərbaycan alimləri tərəfindən yüksək elmi səviyyədə tədqiq olunduğunu bildiriblər.

Azərbaycan ərazisindəki paleolit düşərgələrindən aşkar olunmuş maddi mədəniyyət qalıqlarının tədqiqi beynəlxalq xarakter alıb. Çünki həmin düşərgələrin tədqiqi bəşər sivilizasiyasının tarixini öyrənmək üçün böyük elmi əhəmiyyətə malikdir. Məhz bunu əsas tutan Fransa, Rusiya, İtaliya, İspaniya, Azərbaycan, Hollandiya və Gürcüstan alimləri Beynəlxalq “İNTAS-2000” adlı proqram hazırlayıb və 2001-ci ildən işə başlayıblar. Bu proqrama uyğun olaraq Avropa ölkələrindən 32 görkəmli alim 2002-ci il sentyabrın 7-dən oktyabrın 1-dək Bakıda olub, Qarabağın və Azərbaycanın digər paleolit düşərgələrindən tapılmış maddi mədəniyyət qalıqlarını tədqiq ediblər. Proqramın Azərbaycan üzrə əlaqələndiricisi kimi bu sətirlərin müəllifi 2001 və 2003-cü illərdə 3 ay müddətində Fransanın İnsan Paleontologiyası və Avropa Arxeoloji Tədqiqatlar Mərkəzində birgə elmi işlər aparıb və Qarabağın maddi mədəniyyət abidələri haqqında məruzələr edib.

Son 50 ildə Azərbaycan alimlərinin Qarabağın arxeoloji düşərgələrinin maddi mədəniyyət qalıqları haqqında 30-dan artıq monoqrafiya və 500-dən çox elmi məqaləsi çap edilib. Lakin yuxarıda qeyd etdiklərimizə baxmayaraq bəzi erməni alimləri Qarabağın arxeoloji abidələrinin tarixini saxtalaşdırmağa cəhd göstərirlər. Ş.Mıkırtıçyan 1988-ci ildə Yerevanda çap etdirdiyi “Dağlıq Qarabağın memarlıq və tarixi abidələri” adlı kitabında yazır ki, guya, Azıx düşərgəsində aşel mədəniyyətinə aid erməni qadınının heykəli tapılıb, hətta onun paltarı müasir erməni qadının paltarına bənzəyir. Belə gülünc fikir söyləməklə Ç.Mıkırtıçyan erməni xalqının tarixini aşel dövründə axtarmağa çalışır. Halbuki Azıx paleolit düşərgəsində qadınabənzər heykəl yoxdur. Orada təbii yolla 2 milyon il bundan əvvəl əhəngli suyun qarışığından əmələ gəlmiş stalaqmit və stalaqnat dirəklər mövcuddur. Suren Osipyan isə Azıx düşərgəsindən yaşı 150 min ilə bərabər olan küp qabların tapıldığını qeyd edir. Bu, ağ yalandır. Azıxdan heç vaxt küp qablar tapılmayıb. Çünki ilk küp qabları neolit dövründən, yəni IX minillikdən hazırlamağa başlayıblar.

2003-cü il sentyabrın 16 və 30-da ermənilərin internet saytlarından birində “Dağlıq Qarabağın Azıx mağarasında qazıntılar davam edir”,- sərlövhəli məlumatı verilib. Bu material tamamilə saxta, cəfəng və savadsız fikirlərdən ibarətdir. Orada bildirilir ki, guya, Azıx mağarasında paleontoloqlar qazıntı aparırlar. Halbuki arxeoloji düşərgələrdə yalnız arxeoloqlar qazıntı aparır, paleontoloqlar isə yalnız orada iştirakçı ola bilərlər. Məlumatda 1968-ci ildə Məmmədəli Hüseynovun Azıx düşərgəsindən tapdığı çənə sümüyü qalığının yaşının 50-100 min il olduğu bildirilir. Bu da cəfəngiyyatdır. Çünki Azərbaycan alimləri onun 350-400 min il əvvələ aid olduğunu elmi əsaslarla sübut edib və bu, tarix beynəlxalq elmi konfranslarda öz təsdiqini çoxdan tapıb.

Ermənilər Azıx düşərgəsində 2003-cü ilin qazıntıları zamanı yaşı 300 min il olan ayı sümükləri tapıldığını iddia edirlər. Bu fikir də tamamilə əsassızdır. Çünki Azərbaycan alimlərinin Azıx düşərgəsində apardıqları arxeoloji qazıntılar zamanı orada mağara ayılarının, Merka kərgədanının, ibtidai öküzün və digər heyvanların sümükləri tapılmışdır ki, onların da yaşı 600 min ilə bərabərdir.

Erməni ideoloqlarının havadarlıqları ilə 2001-ci ildən etibarən Azıx paleolit düşərgəsində qanunsuz apardıqları arxeoloji qazıntılarında əsas məqsəd düşərgənin tarixini saxtalaşdırmaqdır. 2003-cü ilin sentyabr ayında Azıxda aparılan qanunsuz qazıntılarla əlaqədar Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi xüsusi bəyanat verib.

1988-1999-cu illərdə erməni mafiyasına xidmət edən qüvvələr Azıx, Tağlar paleolit düşərgələrindən silah anbarı kimi istifadə ediblər. Yerli Tuğ və Salakətində yaşayan azərbaycanlıların verdiyi məlumatlara görə, Azıx və Tağlar düşərgələrində yuxarıda qeyd etdiyim illərdə müxtəlif silahlar saxlanılıb. Hətta 1997-ci ildə Azıxda saxlanılan qumbaranın partlaması nəticəsində Azıx paleolit düşərgəsinin şimal tərəfində partlayış olub və mağaranın həmin hissədə divarı dağılıb.

Erməni mafiyasına xidmət edən qüvvələr, onların havadarları 2001-2009-cu illərdə Azıx paleolit düşərgəsinin 3 sahəsində qeyri-qanuni qazıntı işləri aparıblar. Nəticədə Azıx paleolit düşərgəsinin stratiqrafiyasına, mədəni təbəqələrinə ziyan dəyib.

Azıx paleolit düşərgəsində aparılan qanunsuz qazıntı işlərində İspaniya, İngiltərə, İrlandiya və Ermənistan respublikasının Monikulyar Biologiya İnstitutunun əməkdaşları iştirak ediblər. Qanunsuz qazıntılar nəticəsində Azərbaycan müəllifləri M.M.Hüseynovun, D.V.Hacıyevin, Ə.Q.Cəfərovun və digər alimlərin əqli mülkiyyət hüquqları, beynəlxalq hüququn bir sıra maddələri kobud surətdə pozulub və hətta abidənin adı saxtalaşdırılaraq “Azox layihəsi” adı altında yırtıcı qazıntı işləri aparılıb. Yırtıcı qazıntılar zamanı Azıx düşərgəsinin hətta özəyinə xələl gətirilərək 2 əlavə giriş yolu açılıb və həmin sahələrdə də qazıntı işləri aparılıb. Mətbuatda və internet saytlarındakı məlumatlara görə, erməni mafiyasına xidmət edən qüvvələr tərəfindən aparılmış qanunsuz qazıntılar zamanı 800-ə yaxın daş məmulatı və minlərlə ovlanmış heyvan sümüklərinin qalıqları tapılıb. 2009-cu ildə yuxarıda qeyd edilən ölkənin 17 nəfərdən ibarət müəllif heyəti tərəfindən Azıxdan tapılmış arxeoloji və paleontoloji tapıntılar haqqında “İnsan inkişafı” jurnalında məqalə çap olunub. 2016-cı ildə “Springer” nəşriyyatında “Azıx trans Qafqaz dəhlizi” adlı məqalələr toplusu işıq üzü görüb. 15 məqalənin 40 müəllifi var.

2016-cı il noyabrın 25-də Xankəndidə həmin saxta və qeyri-qanuni məqalələr məcmuəsi qondarma “Dağlıq Qarabağ respublikası”nın iqtisadiyyat nazirliyində təqdimat mərasimi keçirilib. Bu məqalələrdə də təəssüf ki, Azıx düşərgəsində aparılmış arxeoloji qazıntılar zamanı tapılmış maddi-mədəniyyət qalıqlarının, Azıx çənəsinin tarixi də saxtalaşdırılıb. Həmin saxta məqalələr məcmuəsi və tapılmış maddi mədəniyyət qalıqları əsasında erməni mafiyasına xidmət edən qüvvələr Azıx kəndində orta məktəb binasını təmir etdirərək arxeoloji muzey yaradıb və orada nümayiş etdiriblər. Bundan əlavə, həmin saxta qazıntılar zamanı Azıxdan tapılmış daş məmulatı, fauna qalıqları, Xankəndidə ikinci muzey təşkil olunaraq nümayiş etdirilib. 2003-cü il sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin tapşırığı əsasında Xarici İşlər Nazirliyi Azıxda aparılmış qanunsuz qazıntılar barədə bəyanat verib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu Azıx düşərgəsinin dünya əhəmiyyətini nəzərə alaraq, orada qeyri-qanuni qazıntılar aparmış İngiltərə, İrlandiya, İspaniya və Ermənistan vətəndaşları barəsində 2016-cı il 24 fevral tarixində 152006059 nömrəli cinayət işi açıb və ibtidai istintaqa başlayıb.

Mən, 2021-ci il martın 17-də “Prezidentin izi ilə” adlı Qarabağın işğaldan azad edilmiş ərazilərinə rəsmi səfər etdiyim zaman Azıx paleolit düşərgəsində erməni mafiyasına xidmət edən qüvvələrin yırtıcı qazıntılar nəticəsində abidənin stratiqrafiyasına, divarlarına və digər sahələrinə vurulmuş ziyanları görüb dəhşətə gəldim. Yerli insanların verdiyi məlumatlara görə, Qarabağın dünya şöhrətli Tağlar və Şuşanın Cıdır düzünün aşağısında - Daşaltı çayının sol sahilində yerləşən Şuşa paleolit düşərgəsində də erməni mafiyasına xidmət edən qüvvələr qanunsuz qazıntı aparıblar. Həmin səfər zamanı mən Füzulinin işğaldan azad olmuş şəhərində, kəndlərində, Tuğda Salakətində və Hadrut qəsəbəsində olarkən həmin ərazilərdəki kurqanlarda, tunc dövrünə aid təpələrdə və digər sahələrdə erməni terrorçularının dərin xəndəklər qazdığını və tunc dövrünə aid yaşayış məskənlərinin, kurqanların dağıntılara məruz qaldığının şahidi oldum.

Tuğ kəndində olarkən Qafqaz Albaniyasına məxsus olan məbədlərin üzərinə vurulmuş saxta daşları və saxta yamaqları görüb dəhşətə gəldim. Bütün qeyd etdiyim dağıntılar sənədləşdirilməli və dünyanın ictimaiyyətinə erməni vandallarının Qarabağın arxeoloji, tarixi və memarlıq abidələrinə vurduğu ziyanlar geniş təbliğ və tədqiq olunmalıdır. Bunu bizdən Qarabağı azad etmiş şəhidlərin ruhları tələb edir.

Ədəbiyyat:

1. Azərbaycan arxeologiyası. I cild. Daş dövrü. Bakı, 2008.

2. Cəfərov Ə.Q. Quruçay dərəsində. Bakı, 1990.

3. Cəfərov Ə.Q. Azərbaycanın ilk sakinləri. Bakı, 2004.

4. Cəfərov Ə.Q. Qarabağın paleolit düşərgələri. Bakı, 2017.

5. Hüseynov M.M., Əliyev S.D., Veliçko A.A., Hacıyev D.V., Cəfərov Ə.Q., Məmmədov Ə.V., Süleymanov M.B., Şirinov N.Ş., Azıx mağarası – Azərbaycan ərazisində ən qədim ibtidai insan düşərgəsi. Bakı, 2021.

Əsədulla CƏFƏROV,
AMEA, t.e.d., professor.

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Tətbiqi Tədqiqatlar Fondunun “Cənubi Qafqaza erməni köçü: xronikası, mahiyyəti” layihəsi çərçivəsində hazırlanıb.