Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev iyulun 23-də dəfn olunub.
Mia.az xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb.
***
Milli Məclis Aparatının sabiq rəhbəri, həqiqi dövlət müşaviri Səfa Mirzəyev iyulun 22-də vəfat edib.
Mia.az xəbər verir ki, bu barədə Report-a mərhumun ailəsindən məlumat verilib.
O, uzun sürən xəstəlikdən sonra biraz əvvəl dünyasını dəyişib.
Qeyd edək ki, Səfa Mirzəyev 1952-ci il mayın 12-də Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1978–1990-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini və dosent vəzifələrində çalışıb. Hüquq üzrə fəlsəfə doktorudur.
1992-ci ildən Milli Məclis Aparatında işləyib. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub.
6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri olub. 1995-ci ildə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü olub. 11 may 2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə, 11 may 2022-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
İki il öncə Milli Məclisin Aparat rəhbəri vəzifəsindən azad edilib. O, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.