Zülfiyyə MUSTAFAYEVA
***
Bayramqabağı istəmirəm qan qaraldım. Amma məcbur, gərək yazım. Deməsəm, haram olar mənə bu bayram.
Onsuz da neçə gündü, mətbuata dəxli olmayan adamlar doluşublar bayram qonaqlıqlarına. Baxırsan, həmkarım Kamil Həmzəoğlu demişkən, bilmirsən nə deyəsən.
Bu tərəfdən də "jurnalist" adıyla bəziləri rayonlara "reyd"ə çıxıb, pul yığır. Mənə deyəndə ki, "sizin həmkarınız gəlmişdi, hörmət edib yola saldıq", - az qaldım gedib o tədbirlərdən birində verilən 35 qəpiklik ruçkamı sındırıb atım. Həmkar e, həmkar. Yerə girirəm.
Adamı qəşəng çəkiblər. Həm səs yazısı var, həm videosu. Söhbətdə görünür ki, əvvəlcə idarənin əməkdaşlarına "hendi xox" eləyib, sonra keçib pul hissəsinə, axırda da bir "vətəndaş mövqeyi" sərgiləyərək, tövsiyələrini verib. Həmçinin xəbərdarlıq edib ki, yenə gələcək. Çünki "3 dildə kitab yazır", kitabın puluna da yardım etmək lazımdı.
Mən baxdım o görüntülərə. Adını çəkmək istəmirəm. Nə rayonun, nə o rayondakı idarənin, nə bu "həmkarım"ın. Telefonunu veriblər mənə. Özüylə də danışmışam. Demişəm, ayıbdı.
Hər şey bir yana, idarələrdə ona verilən 10, 20 manatların söhbəti gözümün önündən getmir. Deyəcəksiniz ki, bunlar həmişə olub da. Nəyə təəccüblənirsən?
Olub, əlbəttə olub. Amma bu dəfə çox irəli gediblər axıb. "Jurnalist" adının böyrünə "qazi" sözünü də yapışdırıblar, olublar "qazi-jurnalist". Arsızlıgın manifestosu. Mən adama bircə bunu dedim: "Sizlərin hər hoqqasının başına ip salmamışıq, amma bu "qazi" söhbətini yemərik a, biləsiniz".
Buna girişənin pazını dərin vurarıq, heç şübhəniz olmasın.
Hərdən deyirəm ki, cəhənnəm olsunlar, bir-iki dozanqurdunun dərdini mənmi çəkəcəm?
MİA.AZ