Azərbaycanda sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərdə iştirak etmək istəyən şəxslər artıq sənədlərini Dairə Seçki Komissiyalarına təqdim etməyə başlayıblar.

Məlumatına görə, Milli Məclisin VI çağırışının müstəqil deputatlarının bəziləri də artıq öz namizədliklərini irəli sürüblər.

Deputat Aqil Abbas bildirib ki, sabah sənədlərini 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinə təqdim edəcək.

Onun həmkarı Vahid Əhmədov da seçkiyə qatılacağını təsdiqləyib: “Namizədliyimi çoxdan irəli sürmüşəm. Sabah artıq 59 saylı Quba seçki dairəsindən sənədlərimi götürəcəyəm”.

Deputat Rasim Musabəyov 18 saylı Nərimanov - Nizami - Binəqədi seçki dairəsindən, Nigar Arpadarai isə 7 saylı Səbail seçki dairəsindən namizədliklərini irəli sürəcəklərini deyiblər.

Deputat Musa Qasımlı isə öz növbəsində 75 saylı Yardımlı – Masallı seçki dairəsinə sənədlərini təqdim edəcəyini söyləyib: “Artıq bank hesabı açılıb, imzatoplama kampaniyasına başlanılıb”.

Həmkarlarından fərqli olaraq VI çağırış Milli Məclisin deputatı Ziyad Səmədzadə isə hələlik qərarsız olduğunu deyib: “Artıq namizədlərin sənəd topladığını bilirəm. Mən isə hələ dəqiq qərarımı verməmişəm”(Report).