Zülfiyyə MUSTAFAYEVA
***
31 il əvvəl ilin elə bu günü, yayın cırhacırında iş yoldaşım İlqar Tağıyev "525-ci qəzet"ə gəlib və ilk "yazı"sı da krossvord olub. Onda mən "525"də deyildim, İlqardan sonra gəldim.
Ondan sonra İlqar çox krossvordlar düzəldib, yazılar yazıb. Amma krossvordla karyeraya başlamasını bəlkə də çox az adam bilir.
Krossvordla bağlı heç kimin bilmədiyi bir başqa əhvalatı da var İlqarın. Mən bilirəm. Ya bəlkə məndən başqa kiminsə yadında olar.
2000-ci ildə evlənib İlqar. Toy günündə səhər tezdən redaksiyaya gəlib günortayadək axşam nömrəsinin krossvordunu düzəldib o. Vallah. Mən həmin gün Nərimanov tərəfdəki mağazalarda axşamkı toya geyinməyə geyim axtarırdım, gəzə-gəzə gəlib çıxdım redaksiyanın yanına. Elə adətkərdə olan kimi girdim içəri ki, görək kim var, kim yox.
Bizim təzə bəy, "sportivniy" geyimdə, saqqalda, oturub krossvord düzəldir. "Ay qardaş, axşam toyundu, burada neyləyirsən? Get, əynini dəyiş, üzünü təraş elə, bəy kostyumunu geyin".
Tövrünü pozmadan, "Bunu Rəşad müəllimə söz vermişəm ", - dedi.
Harada krossvord görürəm, İlqar yadıma düşür. Həmin axşam toyuna bəzənib gəlmişdi.
Kim mətbuata hansı yazıyla gəlib, kimin yadındadı?
MİA.AZ