Sosial təminat məsələlərinə köməklik göstərilməsi adı altında çoxsaylı vətəndaşın pulunu mənimsəməkdə təqsirləndirilən şəxslər barədə cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a verilən xəbərə görə, Mirzəyeva Samirə Yavər qızının bir qrup şəxslə cinayət əlaqəsinə girərək yol verdikləri qanunsuz əməllərə dair daxil olmuş çoxsaylı vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla Samirə Mirzəyevanın özünü vəzifəli şəxs kimi təqdim edərək tanışları - Ağayev Mirqələm Seyidağa oğlu, Əliyev Fariz Qaraxan oğlu və Məmmədov Zabil Məmmədağa oğlu ilə qabaqcadan əlbir olaraq əlillik dərəcəsinin təyini, bərpası və güzəştli sosial mənzillərin verilməsinə köməklik göstərilməsi ilə bağlı 2022-2023-cü illər ərzində ona müraciət etmiş 78 nəfər şəxsə məxsus ümumilikdə 753 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında qeyd olunan şəxslərə təqsirləndirildikləri əməllərə müvafiq olaraq Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma və qanunsuz hazırlama) və digər maddələri ilə ittiham elan edilib, Samirə Mirzəyevanın barəsində başqa cinayət işi üzrə məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınıb, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.