Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nəzdində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (“Azərsu”) yenidən formalaşdığından işçilər arasında ixtisarların aparılacağı bildirilir. Artıq bununla bağlı xəbərdarlıq alanlar da var.
Mia.az xəbər verir ki, bunu Meydan TV-yə keçmiş “Azərsu” Səhmdar Cəmiyyətinin işdən çıxarılma qorxusu ilə adının açıqlanmasını istəməyən əməkdaşları bildiriblər.
Onların sözlərinə görə, bəzi əməkdaşlarla müqavilə yenilənib. Lakin müvəqqəti müqavilə bağlanıb. Üstəlik, yeni müqavilədə maaşlar az göstərilib. Məsələn, əvvəlki müqavilədə 776.60 manat maaş qeyd edildiyi halda yeni müqavilədə əməkhaqqı 660 manat yazılıb. Həmçinin təqaüd yaşına çatanlarla müqavilə yenilənməyib. Ümumilikdə, yüzlərlə şəxsin işsiz qalacağı gözlənilir.
Xüsusilə agentliyin rayon su kanal idarələri əməkdaşlarının maaşlarında azalmalar var.
Uzun illərdir 1 saylı Regional Sukanal İdarəsində çalışan əməkdaşlardan biri danışıb ki, digər rayonlar kimi Siyəzəndə də iş tapmaq çətindir. Xüsusilə yaşı 50-yə çatmış şəxslər nə dövlət, nə də özəl müəssisələrdə iş tapa bilirlər. Bu səbəbdən də kütləvi işdən çıxarılmalar onun kimi çoxu üçün faciədir:
“Çoxunun övladı təhsil alır, kreditləri var, dolanmaq çətindir. Hər ixtisar xəbərindən sonra gecəmiz gündüzümüzə qarışır, belə getsə, quru çörəyə də möhtac olacağıq. Buna görə də heç kim baş verənlərə ehtiraz etmək istəmir, hamı fikirləşir ki, nə olursa olsun, təki işsiz qalmasın”.
İşçilər deyirlər ki, rayon sukanal idarələrinin şöbə rəislərinin, qəza xidməti işçilərinin, nəzarətçilərin maaşları azaldılıb:
““Azərsu” ləğv ediləndən sonra maaşların artırılacağını düşünürdük, əksinə olur”.
Digər işçi də bildirişlərin paylanması ilə bağlı məlumatları təsdiqləyib.
Ölkə mətbuatında bir müddət əvvəl agentliyin sədri Zaur Mikayılovun öz qudası Fuad Quliyevi Aparat rəhbəri vəzifəsinə təyin etməsi ilə bağlı məlumat yayılmışdı. Agentlikdən xəbəri nə təsdiq, nə də təkzib etməmişdilər. Zaur Mikayılovun digər qudası Əsəd Şirinov isə bir neçə ildir sədrin müşaviridir. “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı da İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsin mətbuat katibi vəzifəsinə təyinat almayıb. O, agentliyin tabeliyində olan digər qurumda işlə təmin edilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bununla bağlı sorğu cavablandırılmayıb.