İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan Rusiya vətəndaşları Antalyada saxlanılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Antalya valiliyi açıqlama yayıb.
Bildirilib ki, Rusiyada bir çox cinayətlərə görə axtarışda olanların Antaliyada olması müəyyən edilib: "Bu zaman onların dəniz yolu ilə Türkiyədən qaçmaq istədiyi də aydınlaşıb. Milli Kəşfiyyat Təşkilatının Sahil Mühafizəsi Komandanlığı ilə birgə keçirdiyi əməliyyatla qırmızı bülletenlə axtarılan və barəsində həbs qərarı çıxarılan 58 yaşlı Rusiya vətəndaşı A.P., onun oğlu E.P və Azərbaycan əsilli V.D. və Ukrayna millisi İ.C. tutulublar. Onların qaçmaq istədiyi qayıqda aparılan axtarış zamanı 7 min avro, 5 min dollar, 200 Tayland bahtı, Türkiyə Respublikasının şəxsiyyət vəsiqəsi, Rusiya şəxsiyyət vəsiqəsi, pasportu, 4 mobil telefon, noutbuk və planşet götürülüb. Əməliyyatda A.P. saxlanılıb, oğlu E.P-nin Türkiyədə yaşamaq icazəsinin müddəti bitdiyi üçün o, Antalya Köç İdarəsinə təhvil verilib, digər 2 nəfər isə sərbəst buraxılıb".
Xəbərdə o da deyilir ki, A.P.-nin 2021-ci ildə Türkiyə vətəndaşı olduğu, 2023-cü ildə isə Rusiya ədliyyə orqanlarının həbs qərarından sonra Türkiyə vətəndaşlığından çıxarıldığı qeyd olunub.
Samir Musayev
MİA.AZ